“Neft-qaz qiymətlərinin kəskin enməsi ABŞ və Çinlə bağlıdır” – Ekspert

neft pul

“Dünya bazarında neft-qaz qiymətləri kəskin enib. Bunun əsas səbəbi İsrail-İran gərginliyi göstərilsə də bu, belə deyil. Qiymətlərə təsir edən faktor tamamilə başqadır”.

Bu sözləri Globalinfo.az-a iqtisadçı Natiq Cəfərli dünya bazarında neft, qaz qiymətlərinin kəskin enməsi və bunun İran-İsrail gərginliyi ilə əlaqəsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, dünya birjalarında birinci gün ciddi çöküş yaşandı:

“Bəzi birjalarda hətta tarixi minimum həddi göründü. Ümumi trendə görə neft-qaz qiymətləri də kəskin şəkildə endi.

natiq ceferli real

Natiq Cəfərli

Əsas gözlənti ondan ibarət idi ki, ABŞ və Çində iqtisadi artım olacaq. Amma bu baş vermədi. Yəni ABŞ və Çinə görə qiymətlər aşağı düşdü. Bu iki ölkənin iqtisadiyyatında artımın olmaması öz növbəsində dünya bazarında neft, qaza olan tələbatın da azalacağı ehtimalını yaratdı. Beləcə, qiymətlər aşağı düşdü.
Neft və qaz qiymətləri bir-biri ilə çox bağlıdır. Yəni qiymət artımı və azalması adətən paralel gedir. Bununla belə, dünən günorta saatlarından etibarən birjalarda sabitlik hökm sürür. Hətta bu gün etibarilə qiymətlərdə artım da var.

O ki qaldı İran-İsrail gəginliyinə, hazırda tərəflər arasında total müharibə olmadığından bu, birjalara yansımır. Amma təbii ki, müharibə olarsa və genişmiqyaslı toqquşmalar baş verərsə, qiymətlərə təsir edəcək”.

Turan Rzayev
Globalinfo.az