Nəcməddin Sadıqov müəmması böyüyür: Generalı həbsdən qoruyan qüvvə kimdir?

Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla bağlı məlumat mediada yenidən intensivləşib. Generalın adı “Tərtər işi” məhkəməsində tez-tez hallandırılır.

“Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər – Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesində yenidən N.Sadıqovun adı çəkilib. Vəkillər onun məhkəmədə ifadə verməsi üçün vəsatət qaldırıblar. Buna rəğmən sabiq Baş Qərargah rəisi  nə məhkəmədə ifadə verir, nə də istintaqa çağırılır.

Nəcməddin Sadıqovu himayə edən qüvvə hansıdır? Rusiya, yoxsa başqa bir qüvvə?

Mövzunu Globalinfo.az-a şərh edən Ağ Partiya başqanı Tural Abbaslı deyib ki, Nəcməddin Sadıqovun adı uzun müddətdir ki, müxtəlif cinayət işlərində, korrupsiya faktlarında, hətta “Tərtər işi” məhkəmələrində belə hallanır:

Tural Abbaslı

“Maraqlıdır ki, onun adı bu qədər ciddi məsələlərdə hallansa da həbsi reallaşmır. Məntiqlə bir proses gedirsə və rəhbər olmuş şəxsin adı prosesdə hallanırsa, ifadə verməsi üçün vəkillər vəsatət qaldırırsa, ən azından o məhkəməyə çağırılmalı, şahid qismində dindirilməlidir. Amma hələlik Nəcməddin Sadıqovun hansısa məhkəməyə dəvət edilməsinin, ya da dindirilməsinin şahidi olmamışıq.

Hakimlər onun adı ilə bağlı qaldırılan bütün vəsatətləri görməzdən gəlir. Hansı ki, onun çağırılmasında heç bir problem yoxdur. Yəni əgər günahı yoxdursa, çağırışa riayət edib, məhkəməyə gəlib, ifadəsini verməlidir.

Görünən odur ki, Nəcməddin Sadıqovu ciddi qüvvələr müdafiə edir. O, üç ildən artıqdır ki, vəzifəsindən uzaqlaşdırılıb. Yəni onun heç bir hərbi mükəlləfiyyəti yoxdur. O da sadə vətəndaşdır.

O ki qaldı onu müdafiə edən qüvvələrə, böyük ehtimalla bu işin arxasında Rusiya dayanıb. Çünki rəsmi Moskva öz adamını atmaq, dolayı yolla özünü ifşa etmək istəmir. Əgər Rusiya Sadıqovu tək qoysa, bu zaman daha heç kəs ona xidmət etmək istəməyəcək”.

Turan Rzayev
Globalinfo.az