NDU-dan əcnəbi tələbələrin borcu məsələsinə reaksiya

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrlə bağlı borc hərəkətsizlik və məsuliyyətsizlikdən yaranıb.

Globalinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Universitetin rektoru Elbrus İsayev Hesablama Palatasının ali təhsil ocağında apardığı audit yoxlamasının nəticələrini şərh edərkən bildirib.

“Hazırda Universitet Palatanın bizə verdiyi müddətdə qeyd olunan iradları cavablandırmağa çalışır. Palatanın gəldiyi qənaətə görə, əcnəbi tələbələr 6 milyon manat borclu olub. Lakin məsələ ondadır ki, həmin xarici tələbələr Universitetə qəbul olunsa da, dərsə gəlməyib. Onların sadəcə adları siyahıda olub, biz həmin tələbələrə xidmət göstərməmişik. Əgər o dərsə gəlibsə, dərs alıbsa və biz ondan pul almamışıqsa, bu, artıq borc sayılır. Yox əgər tələbə dərsə gəlməyibsə, borc görsənirsə, bu, artıq uçot məsələsidir. Yəni, onlar vaxtında Universitetdən azad edilmədiyi üçün birində 500 manat, digərində 1 000 manat, bəzilərində hətta 5-6 min manat borc olub”, – deyə o qeyd edib.

Hazırda Naxçıvan Dövlət Universitetdə 12 ölkədən xarici tələbələr oxuyur. Onlar üçün ən yüksək illik təhsil haqqı 3 000 ABŞ dollarıdır. Azərbaycandan olan tələbələr isə maksimum 2 000 manat təhsil haqqı ödəyir.