Nazirlik məktəblərlə bağlı vacib açıqlama verdi

Məktəblərdə ideoloji işlərin gücləndirilməsi haqda təkliflər var. Bir neçə gün öncə deputat Ceyhun Məmmədov da bu haqda təklif verib.

Uşaqları dini təsirlərdən, məzhəbçilikdən uzaq tutmaq üçün məktəb nə edə bilər? Əgər bu ailədən gəlirsə, məktəb neynəyə bilər? Valideyn radikal sələfidirsə, və ya qatı irançıdırsa uşaq da onların təsiri altında böyüyəcək. Elm və Təhsil Nazirliyi bu barədə hər hansı bir proqram hazırlayırmı? Ümumiyyətlə, hazırda məktəblərdə uşaqlara nə öyrədilir? Azərbaycanda təhsilin ümumiləşmiş mahiyyəti nədir?

Globalinfo.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə suallar ünvanlayıb.

Sorğumuza cavab olaraq nazirlikdən bildirilib ki, məktəb şagirdlərdə elmi dünyagörüşü formalaşdırır, eyni zamanda özünün və digərlərinin əqidəsinə anlayışla yanaşmağı öyrədir:

“Məktəbdə formalaşan mədəniyyət həm şagirdi, həm də valideyni təsirləndirməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə müəllimlər üçün maarifləndirici seminarlar həyata keçirilir. Şagirdlərə dinlər və inanclar barədə məlumat verilir, vicdan azadlığından danışılır. Dini fanatizmin ağır nəticələri təhlil edilir. Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır”.

Zaira Akifqızı
Globalinfo.az