Nazirlik əməkdaşlarına atəş açıldı: yaralı var – YENİLƏNİB

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşına odlu silahdan atəş açan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Globalinfo.az-a məlumat verib.

O qeyd edib ki, Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alınması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir.

Faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon polis şöbəsinə gətirilib və izahatı alınıb.

Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.

*** 16:31

Daxili İşlər Nazirliyi Ağstafaçay su anbarında Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına odlu silahla atəş açılmasına münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Globalinfo.az-a verdiyi məlumata görə, sözügedən məsələ ilə bağlı ilkin olaraq araşdırma aparılıb daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Qeyd olunub ki, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə, ilkin baxışda nə əməkdaşın özündə nə də geyimində hər hansı bir odlu silah aşkarlanmayıb: “Hər bir halda iddialar araşdırma predmetidir, ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***16:00

Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Globalinfo.az-ın xəbərinə görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb:

“Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır”.