Nazirlərin Naxçıvana intensiv səfərlərinin arxasında bu məqsəd dayanır – Ekspert rəyi

Son vaxtlar nazirlərin Naxçıvana intensiv səfərləri ictimaiyyətdə müzakirəyə səbəb olub. Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun səfərinin ardınca baş nazirin müavini Şahin Mustafayev də Muxtar Respublikaya gedib. Belə hesab olunur ki, bu, dövlətin Naxçıvanda apardığı yeni quruculuq-bərpa işləri ilə bağlı ola bilər.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Globalinfo.az-a bildirib ki, bu gün Azərbaycan dövlət məmurlarının Naxçıvana ard-arda səfərlərini bütün media və Azərbaycan ictimaiyyəti ilə bərabər Naxçıvanın yerli sakinləri də çox diqqətlə izləyirlər:

Qarabağla bağlı qətnamələr vaxtında icra edilsəydi, münaqişənin həllində qan tökülməzdi - Aydın Quliyev - "İki sahil"

Aydın Quliyev

“Bir naxçıvanlı olaraq bu proses mənim üçün də maraqlıdır. Bu səfərlərin orijinallığı ondadır ki, indiyə qədər biz Naxçıvana Azərbaycan nazirlərinin belə intensiv səfərlərini görmürdük. Səfərlər onunla izah olunur ki, Naxçıvan Azərbaycan üçün geosiyasi, siyasi, iqtisadi və demokratik nöqteyi-nəzərdən olduqca qiymətli bir bölgədir. Və bu bölgənin Azərbaycan dövlətinin daima diqqətində, nəzarətində olmasını regionda gərək bütün qonşu dövlətlər görsünlər. Hər kəs bilir ki, burada söhbət birinci növbədə Ermənistan və İrandan gedir. Bu bölgədə Azərbaycanın mərkəzi hakimiyyət səviyyəsində nəzarət və diqqətinin hətta nəzəri də olsa belə zəiflədiyi hansısa bir görüntünün yaranmasına imkan vermək olmaz”.

A.Quliyev qeyd edib ki, biz illər boyu Naxçıvanı yerli nazirlərin ixtiyarına buraxmaqla orda yaranan ağır durumu sonda gördük:

“Naxçıvanın bu gün zahiri yaraşıq və gözəlliyi olsa da, onun mahiyyətində təzahür və cərəyan etmiş proseslərin nə qədər ağrılı olduğunu hər kəs bilir. Onlar da birinci növbədə Naxçıvanın taleyinin yerli məmurların, MR-nın özünün nazirlərinin ixtiyarına buraxılmasından əmələ gəldi. Buna görə də bu gün hakimiyyət Azərbaycan nazirlərinin və digər statuslu rəsmi şəxslərin Naxçıvana səfərlərinin intensiv şəkildə olmasını təmin etməklə birinci növbədə bu bölgəni yerli məmurların yarıtmaz fəaliyyətinin nəticələrindən qorumaq məqsədi daşıyır. Əlbəttə, yerli məmurları da birmənalı şəkildə ittiham etmək düzgün deyil. Çünki onlar da bu illər ərzində müstəqil nöqteyi-nəzərdən çıxış etməyiblər. Və MR-ya rəhbərlik etmiş daha ali şəxslərin, birinci növbədə Ali Məclis rəhbərliyinin nəzarəti altında, onun təlimatı ilə hərəkət ediblər. Görünür ki, doğru-düzgün təlimat almayıblar”.

Aydın Quliyev əlavə edib ki, ancaq bu gün MR-ya Azərbaycan nazirlərinin intensiv səfərləri dövlətin Naxçıvanda daha səmərəli və nəticə yönümlü idarəçiliyi bərqərar etmək məqsədindən irəli gəlir:
“Ona görə də bu səfərlərin hər hansı bir ziyanından danışmaq düzgün deyil. Bu səfərlər yalnız MR-nın xeyrinədir. Və Naxçıvan MR-nın sosial-iqtisadi durumunda real nəticələri ortaya qoyanda bir daha bu səfərlərin əhəmiyyəti ortaya çıxacaq. Əminəm ki, biz yanılmayacağıq və bu səfərlərin həqiqətən də Naxçıvanın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət etdiyini işdə görə biləcəyik. Ancaq hər şeyi gələcək göstərər”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə bildirib ki, Naxçıvanın respublikanın digər yerləri ilə həm iqtisadi, həm inzibati cəhətdən inteqrasiyasının həyata keçirilməsi üçün oranın idarəçiliyində yeni yanaşmaları müşahidə edirik:

Bakupost.az - İntihar etmək istəyən xanımlar, sizi anlayıram…

Eldəniz Əmirov

“Hesab edirəm ki, bu doğru yanaşmadır. Cənab nazir Mikayıl Cabbarovun da bura baş tutan səfəri Naxçıvan MR-nın iqtisadiyyatına öz töhfəsini vermiş olacaq. Azərbaycanın digər ərazilərində olan sahibkarların bura müəyyən həcmdə investisiya yatırması üçün münbit şərait yaradacaq. Burada olan müəssisələrin MR-da qurulmasına imkan yaradacaq və ya oranın özündə olan sahibkarların təcrübə mübadiləsinə, iş birliyinə və digər qəbildən olan iqtisadi inteqarasiyaya öz töhfəsini verəcək”.

Gülnar Səlimova
Globalinfo.az