Nazir səhvinə görə tənqid olundu – Ekspert cavab verdi

 

Elm və təhsil naziri Emin Əmurullayevin sosial şəbəkə hesabında “Neftçi” sözünü dırnaq işarəsi olmadan yazması “Grammar Azi” səhifəsi tərəfindən tənqid olunub. Bununla bağlı sosial şəbəkələrdə də geniş müzakirələr başıayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil mütəxəssisi Elmin Nuri bildirib ki, naziri tənqid edən “Grammar Azi” səhifəsi onun müraciət etdiyi və yararlandığı sosial media resurslarından biridir.

O deyib ki, həmin resurs vaxtilə onun baş redaktoru olduğu saytda da bir neçə yanlış yazı normasını, korrektə xətasını öz səhifələrində verərək, doğru variantını təklif edib:

“Şəxsən bu, mən və əməkdaşlarımız üçün örnək addım hesab edildi. Biz qəti əsəbiləşmədik. Hətta onlara təşəkkürümü bildirdim. Çünki burada maarifçilik missiyası var idi. Lakin getdikcə başqa tendensiyalar da müşahidə olundu. Məsələn, məşhur şəxslərin rəsmi səhifələrindəki paylaşımlarında olan hərf xətalarını qabartmağa başladı. Fikrimcə, ilk növbədə öz PR təbliğatını aparmağı düşünürlər. Ona görə də burada qəbahət görmürəm. Hər bir sosial media resursunun prinsiplərindən biri də bacardığı qədər izləyici kütləsi toplamaq, onları özünə cəlb etməkdir. Lakin burada, xüsusən dövlət məmurları, rəsmi şəxslərlə bağlı müəyyən bir paylaşımlar edən zaman etik normalara diqqət etmək çox yaxşı olardı”.

Elmin Nuri

E.Nuri deyib ki, nazir həmin iradı normal qarşılayıb:

“Elm və təhsil nazirinin xətalarını ən çox dilə gətirən şəxslərdən biriyəm, amma gəlin etiraf edək ki, hər kiçik detalı bu dərəcədə şişirtmək, ciddi problem kimi önə çəkmək birmənalı təəssürat bağışlamır. Mətn elə subyektdir ki, onun ön tərəfi ilə yanaşı, fonu da var. Şəxsən bu paylaşımın fonu mənim üçün maraqlı və bəllidir. Mən inanmıram ki, elm və təhsil naziri Emin Əmrullayev xüsusi ismlərin dırnaq içində yazılmasından xəbərsizdir. İnanın ki, həmin paylaşımı edən şəxs də bunu bilir. Sadəcə, insan amilidir. İnsan müəyyən məqamı tələsik yaza, özündən asılı olmadan mexaniki nöqsana yol verə bilər. Ən azından o da insandır. Onun yorğun, tələsik, vaxtına da təsadüf edər.

Düşünürəm ki, Emin Əmrullayevin sosial şəbəkə səhifələrinə nəzarət edən kimlərsə var və mütəmadi olaraq paylaşımları nazir özü etmir. Həmin şəxslər bunu dərhal görməli, bilgiləndirməli, səhvi aradan qaldırmalı idilər. Elə nazirin özünü də bu barədə məlumatlandırmaq olardı. Emin Əmrullayev belə məsələlərə açıq fikirlə yanaşan insandır. Bu, yazdığı şərhdən də bilindi”.

Zaira Akifqızı
Globalinfo.az