Nazirin Qarabağ mesajında diqqətçəkən məqam – Şərh

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dünən Ermənistanla münasibətlər barədə danışıb. O bildirib ki, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var. Nazirin sözlərinə görə, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Bakı İrəvana 5 maddəlik sülh təklifi paketini təqdim edib:

ABŞ İranı da Ukraynadakı “bataqlığa” çəkib”

“Doğrudur, Ermənistanın mövqeyində müəyyən loyallıq hiss edilir. Lakin rəsmi İrəvan hələ ki, yekun sülh müqaviləsinin imzalanması istiqamətində konkret addımlar atmayıb. Ermənistan Baş naziri Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın və digər rəsmilərin verdikləri bəzi müsbət mesajlar heç də humanizm kimi qiymətləndirilməməlidir. Qarşı tərəf yeni geosiyasi reallıqlara uyğun olaraq belə davranmağa məcburdur. Ermənistan hərbi-siyasi rəhbərliyi yaxşı başa düşür ki, dekonstruktiv mövqe ağır nəticələrə səbəb ola bilər. Həmçinin Ermənistanın bir vaxtlar əsas havadarı olan Rusiya da indi onu əvvəlkitək dəstəkləmir. Çünki həm Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb, həm də Moskva-İrəvan münasibətlərində ziddiyyət yaranıb. Qərb və İran da Ermənistanı sonadək dəstəkləməyəcək. Artıq onlar da Azərbaycanın yaratdığı yeni reallıqlarla barışırlar. Paşinyan bunu yaxşı anlayır. Elə buna görə də özünün başa düşdüyü tərzdə “balanslı” siyasət yeritməyə, manevr etməyə çalışır”.

Ekspertin sözlərinə görə, hazırda Ermənistanın regional siyasətinin mahiyyəti vaxt qazanmağa hesablanıb:

“İrəvan ümid edir ki, nə vaxtsa geosiyasi reallıqlar dəyişə və yenidən əvvəlki ambisiyalarını davam etdirə bilər. Bu səbəbdən də gah nala, gah da mıxa vurur.

Ceyhun Bayramov işğaldan azad olunmuş ərazilərimizdəki mina təhlükəsinə də diqqət çəkib. Azərbaycanın baş diplomatı bildirib ki, Ermənistan regional əməkdaşlıqda, sabitlikdə maraqlıdırsa və verdiyi bəyanatlarda səmimidirsə, terrorçuları torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalı, minalı ərazilərin səhih xəritəsini Azərbaycana təhvil verməlidir. Əks halda İrəvanın səmimiliyindən söhbət gedə bilməz.

Ceyhun Bayramov beynəlxalq ictimaiyyətə, regionda qeyri-sabitlikdə maraqlı olan tərəflərə də ismarış göndərib. XİN başçısının sözlərindən belə nəticə çıxarmaq olar ki, Praqa və Soçi görüşünə ev sahibliyi edən, vasitəçilikdə iddialı olan tərəflər Ermənistana təzyiqi artırmalıdırlar. Yalnız bu halda onların səmimiliyindən söhbət gedə bilər. Əks halda isə onların yalnız öz mənfəətlərini düşündüyü qənaətinə gəlmək üçün heç bir şübhə yoxdur”.

Turan Rzayev, Globalinfo.az