Nazirimizin İlon Maskla görüşü: Bakını nə gözləyir?

Bir qədər əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Maskla görüşüb. Bu görüş Azərbaycanın rəqəmsal inkişafında nə kimi müsbət rol oynaya bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, İlon Maskın şirkəti hansı ölkədə fəaliyyət göstərsə, bu, həmin ölkə üçün böyük üstünlük olar.

Onun sözlərinə görə, “Starlink”in Azərbaycanda rəsmi fəaliyyətinin olması müsbət bir haldır:

“Növbəti aylarda Azərbaycanda baş tutacaq Beynəlxalq Astronavtika Konqresi 50 il öncə nə Rusiya, nə İran, nə Gürcüstan, nə Qırğızıstan və digər ölkələrdə deyil, məhz ölkəmizdə keçirilib. 50 il sonra “Heydər Əliyev İli”ndə yenə də Bakıda olması böyük avantajdır. Qeyd edim ki, bu konqresin ölkəmiz üçün həm maddi, həm də mənəvi olaraq üstünlükləri var. Maddi tərəfdən baxsaq, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bərabər, öz büdcəsindən pul ödəmir. Beynəlxalq Konqresdə iştirak edəcək minlərlə qonaq bilet, otel və digər xərclərini özləri ödəyəcəklər. Bir sözlə, bu konqres vasitəsilə Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatılacaq”.

Elvin Abbasov

E.Abbasov deyib ki, prestij olaraq dünyanın nəhəng alimləri, ixtiraçıları, kosmos sahəsindəki bütün aktivlər, kosmik agentliklər Azərbaycanda olacaqlar:

“Bu, həm Azərbaycan üçün prestij, həm də əlavə gəlir gətirəcək. Kosmik ailənin bir üzvü olaraq bizim də kosmik agentliyimiz kifayət qədər tanınacaq və layihələrə qoşulacaq. Eyni zamanda həmin konqres Azərbaycandakı elm adamları, tədqiqat və kosmik fəaliyyətlə maraqlanan insanlar üçün də böyük fürsət olacaq”.

Zaira Akifqızı
Globalinfo.az