Nazirimizin 5 milyard dollar borc açıqlamasının səbəbi 

Azərbaycanın xarici dövlət borcunun 10 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bu il aprelin 1-nə ölkənin xarici dövlət borcu 5 milyard 507,3 milyon ABŞ dolları ekvivalentində olub. Daha 5 milyard borclanmaya gedilməsinin səbəbi nədir?   

Fikrət Yusifov

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, Azərbaycan dünyada ən az xarici borcu olan ölkələr sırasındadır.

O deyib ki, Azərbaycanın bu günə olan xarici borcu ümumi daxili məhsulun 9,0 faizini ötmür:

“Bir çox ölkələrdə bu göstərici hətta həmin ölkələrin ümumi daxili məhsulunun həcmindən də bir neçə dəfə çoxdur. Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard dollar ətrafında olsa da, hökumət bu məsələdə ehtiyatla davranır. Lakin bəzən xarici borclanmanın şərtləri elə ola bilər ki, ondan istifadə etmək daha sərfəli hesab edilir. Bu səbəbdən Azərbaycanın 5 milyard dollar səviyyəsində xarici borclanma imkanlarını nəzərdən keçirməsi normal hesab olunmalıdır”.

İqtisadçının sözlərinə görə, heç şübhəsiz Qarabağa böyük qayıdışla bağlı xərclərin çoxluğuna yeni xarici borclanma məsələsini gündəmə gətirən əsas səbəblərdən biri kimi baxmaq lazımdır.

Zaira Akifqızı

Globalinfo.az