Nazir: “Xəzər-Avropa “yaşıl enerji” dəhlizini qurmağı planlaşdırırıq”

“Azərbaycanın məqsədi tək özünün təmin edilməsi deyil, o, regionun, Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsi siyasəti aparır”.

Globalinfo.az bildirir ki, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya bu gün: Çağırışlar və Ümidlər” mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” adlı paneldə energetika naziri Pərviz Şahbazov bildirib.

Pərviz Şahbazov Prezident İlham Əliyevin dünən Forumun açılışında enerji ilə bağlı baxışlarını açıqladığını vurğulayıb: “Təhlükəsiz olaraq enerji resurslarının təchizatı çox önəmlidir. Bəzən infrastruktur kifayət etmir. Ona görə də Azərbaycan enerji dəhlizlərini şaxələndirməyə çalışır və bu layihələrin icrası üçün lazımi səy göstərir. Bugünkü geosiyasi vəziyyət enerji dəhlizlərinə də təsir göstərir”.

Energetika naziri qeyd edib ki, Azərbaycan Xəzər-Avropa “yaşıl enerji” dəhlizini qurmağı planlaşdırır: “Məqsəd Azərbaycanın “yaşıl enerji”sini Avropaya çatdırmaqdır. Bu məsələ gündəlikdə dayanır”.