Naxçıvanın Kərki, Qazaxın 7 kəndi necə olacaq? – Danışıqlar masasında əsas məsələ…

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi uğurlu antiterror əməliyyatı sonrası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə olan inam yenidən artıb. Ermənistan tərəfindən gələn müsbət mesajlar da sülhə olan inamı artırır.

Bununla belə iki ölkə arasında sülh danışıqlarının predmetinə dair bəzi suallar qalır.

Maraqlıdır, Ermənistan-Azərbaycan sülh danışıqlarına Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi, Mehri, Nüvədi qəsəbələri salınıb?

Mövzunu Globalinfo.az-a şərh edən Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, hazırkı mərhələdə Ermənistan ilə Azərbaycan arasında danışıqlar masasında müzakirə edilən əsas məsələ sülh sazişinin mətnidir:

Sülhəddin Əkbər

“Yəni həmin bu müqavilədə daha çox iki ölkə münasibətlərinin normallaşdırılmasına dair məsələlər öz əksini tapacaq. Digər mühüm məsələ isə şübhəsiz ki, ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Bu barədə hətta prinsipial razılıq əldə edilib. Bu kontekstdə bütün torpaqların geri qaytarılması da müzakirə mövzusudur.

Hesab edirəm, digər aktual müzakirə mövzusu Zəngəzur dəhlizinin açılması məsələsi olacaq. Belə ki, hazırda üçtərəfli bəyanatın yerinə yetirilməyən 9-cu bəndi məhz budur. Bu, Vaşinqtonda, Brüsseldə gedən danışıqların əsas müzakirə mövzusu olmasa da Türkiyə-Ermənistan-Rusiya üçlü müzakirə masasında əsas mövzulardan biri olacaq.

Nəticə etibarilə Vaşinqton-Brüssel danışıqlarında dövlətlərarası sülh müqaviləsinin imzalanması və bu kontekstdə ərazi bütövlüyünün tanınması, habelə, Qazaxın 7 kəndinin, Naxçıvanın Kərki kəndinin qaytarılması danışılacaq. Moskva danışıqlarında isə Zəngəzur dəhlizinin açılması danışılacaq.

O ki qaldı Mehri və Nüvədi qəsəbələrinin geri qaytarılmasına, bu haqda nəsə deyə bilmərəm. Çünki danışıqlar masasında qarşılıqlı ərazi bütövlüyündən danışırıqsa, ərazi iddiaları olmalıdır”.

Turan Rzayev
Globalinfo.az