Naxçıvandan həyəcanlı xəbərlər – muxtar respublika əhalisinə bu zülmü kim edir?

Naxçıvanla bağlı xəbərlərin ardı-arası kəsilmir. Ən ciddi problem Naxçıvandan Bakıya və əks istiqamətə gediş-gəlişlə bağlıdır. Bu haqda Milli Məclisin tribunasından, mediadan, ictimaiyyətdən dəfələrlə müraciət olub, vəziyyət tənqid edilib, amma yenə də xeyri yoxdur. Əsas irad, tənqid AZAL ilə bağlıdır. Aviabiletlərin bahalığı bir yandan, təyyarə reyslərinin əhalini daşımağı çatdırmadığı digər yandan.

Mövzunu vaxtaşırı gündəmə gətirənlərdən biri Milli Məclisin deputatı Fazil Mustafadır. Əslən Naxçıvandan olan Fazil Mustafanın sözlərinə görə problem süni şəkildə yaradılıb. Burda məqsəd qiymət artımı ilə bağlıdır. Onun fikrincə, bəzən sərnişinlər məcbur qalaraq, bir bilet üçün real dəyərindən 100-150 manat artıq pul ödəyirlər. Bu isə sosial narazılıq yaradır.

Əslən Naxçıvandan olan jurnalist, Ovqat.com saytının baş redaktoru Heydər Oğuz da təsdiqləyib ki, Naxçıvanda həqiqətən də çox ciddi nəqliyyat problemi var. O da “qara kassa”da 60 manatlıq biletin 100-180 manat arasında satıldığını deyib.

Yaxşı, bəs Vasif Talıbov getmişdi, zülm bitmişdi? Naxçıvan əhalisi qurtulmuşdu. Nə oldu? Deyilə bilər ki, 30 ilə yaxın müddətdə Talıbovçu qruplaşmanın Naxçıvana yaratdığı problemi 6-7 aya həll etmək mümkün deyil. Gərək zaman keçsin. Hər şeyin zamana ehtiyacı var – olsun. Amma və lakin bilet məsələsi üçün 3-5 il gözləməyi kim təklif edirsə, ya ictimai rəylə məzələnir, ya da heç nədən anlayışı yoxdur.

Bu bilet nə olan şeydir ki, bu qədər sosial narazılıq yaratsın?! Dövlət üçün bu problemi həll etmək o qədər asandır, bunun üçün aylarla müzakirə açmağa əsla ehtiyac yoxdur. Bilet satışına ciddi kontrol edilir, təyyarə reyslərinin sayı artırılır, bununla da məsələ yoluna qoyulur. Hə, o başqa məsələ ki, indi yay sezonudur, tətil mövsümüdür. AZAL təyyarələri xarici kurort şəhərlərə yönləndirir.

Bax, gəldik çatdıq “dananın quyruğunun qopduğu yerə”.

İllərdir deyilir ki, AZAL-ın yaratdığı monopoliya aradan götürülməlidir. Bazara yeni oyunçular cəlb edilməlidir. Rəqabət mühiti yaradılmalıdır. Bunun da nəticəsində biletlərin qiyməti ucuzlaşacaq. AZAL prezidenti Cahangir Əsgərov və onun çevrəsi bu təklifin reallaşmasına imkan vermirlər. Gürcüstandan Türkiyəyə 100 manat uçmaq mümkün olduğu halda, niyə Bakıdan eyni istiqamətlərə 1000-1500 manata uçmalıyıq? Nədir bunun “sirri”?! Başqa şirkətlərə bazarda təmsilçiliyə imkan verilsə, nə bu qədər narazılıq yaranar, nə qiymətlər əl yandırar. Əslində AZAL-ın aviabilet qiyməti əlimizi yox, canımızı-cibimizi yandırır.

AZAL daxili reysləri də qan qiymətinə qaldırıb. Naxçıvan əhalisinin normal gediş-gəlişi üçün bu qədər problem yaratmaq nəyə lazımdır?

Fuad Nəcəfli

Bu suala həm də Naxçıvanın rəhbərliyi cavab verməlidir. Prezidentin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli məsələyə müdaxilə edirmi, etmirmi, açığı məlumat yoxdur. Rəsmi olaraq bir mövqeyə də rast gəlmək mümkün deyil. Nə Ali Məclis rəhbərliyi, nə də Səlahiyyətli Nümayəndəlikdən kimsə çıxıb bilet böhranının səbəblərini izah etmir. Vətəndaş narazılıq edəndə, gec olur.

Tez bir zamanda Naxçıvana təyyarə ilə gediş-gəlişdə normallaşma təmin edilməlidir. Aidiyyatı qurumlar hərəkətə keçməlidir. Yoxsa ötən ilin noyabr ayından başlayan islahatlara ciddi kölgə düşə bilər. Prezident İlham Əliyevin apardığı siyasəti bəzən elə məmurlar özləri sabotaj edirlər. Bu dövlət bir Cahangir Əsgərovla bacarmır? Bir başqa Cahangir də var idi – Hacıyev. O da Azərbaycan bank sistemində monopoliya yaratmışdı. Yaratdığı bərbad sistemin üzərindən “qatır keçsə dırnaq salardı, quş uçsa qanad”. Axırda özünü tutub türməyə saldılar. Korrupsiya lələyini yoldular, pipiyini soldurdular. Çünki xirtdəyə kimi cinayətin, yeyintinin içində idi. Beynəlxalq Bankın milyardlarını talan etmişdi.

İnanaq ki, Cahangir Əsgərov ahıl yaşında adaşı kimi həbsxana divarları arasına düşməz. Onu vəzifədən kənarlaşdırıb, mal varlığını milliləşdirməklə, dövlətə, millətə böyük yaxşılıq etmək olar.

Naxçıvanlıların və Naxçıvanın canı Vasif Talıbovdan qurtuldu, amma Cahangir Əsgərovun zülmündən qurtulmasına da ciddi ehtiyac var.

Tahir Turan
Globalinfo.az