Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq muxtar respublikada dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
2.1. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
2.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
2.3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.