Naxçıvanda nə baş verir – islahat, yoxsa Vasif Talıbov dövrünün sona çatdırılması?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib.

Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin olduğu bildirilir. Məlumata görə, Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində istintaq hərəkətləri aparılıb.

Bildirilir ki, Dövlət Təhlükəsizlik Xidmətində Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

Qeyd edək ki, DTX hər dəfə Naxçıvanda əməliyyat keçirdiyi zaman nəzərlər Naxçıvan Muxtar respublikası Ali Məclisinin sədri Vasif Talıbovun üzərində fokuslanır. İctimaiyyət onun vəzifədən kənarlaşdırılacağını və ya səlahiyyətlərinin azaldılacağını düşünür.

Hakimiyyət strukturlarında 2018-19-cu illərdən başlayan kadr islahatları davam edir. Uzun müddət idarəçilikdə təmsil olunan yüksək rütbəli məmurların böyük əksəri vəzifədən çıxarılıb. Artıq 4 ildir dövlət klan liderinə çevrilmiş, avtoritetləşmiş məmurları bu və ya digər formada zərərsizləşdirir. Onların yerinə isə gənc kadrlar gətirilir.

Bəs Naxçıvan Gömrük Komitəsində gerçəkdə nə baş verir? Bu, siyasi əməliyyatdır, yoxsa dövlət iqtisadi sahədəki yaralarını təmizləyir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bu gün DTX-nin rüşvətxorluğa və illeqal fəaliyyətlərə qarşı apardığı mübarizə cəmiyyət tərəfindən alqışlanır:

“Daha əvvəl Dövlət Gömrük Komitəsində də əməliyyatlar aparılmışdı və keçmiş vəzifəli şəxslərin bir qismi həbs edilmişdi. Bunun davamı kimi ola bilsin, Naxçıvan Gömrük Komitəsində də əməliyyatlar aparılır”.

Hesab edirəm ki, bu sistemdə korrupsiyanın kökünü kəsmək üçün islahatlar davam etdirilir. Bunun nəticəsində artıq yeni işçilərin işə qəbulu ilə bağlı gələn ay imtahanlar keçiriləcək. Yeni təyin edilən sədr əvəzi Şahin Bağırovun islahatlar aparmağa başladığı artıq ictimaiyyətə bəllidir. İstənilən halda hüquq mühafizə orqanlarının, güc strukturlarının apardığı əməliyyatlar burda baş verən qanunsuz halların qarşısını almaqda mühüm rol oynadı. Eyni zamanda yeni sədr əvəzinin təyinatı, burda aparılan kadr islahatları da prosesdə mühüm rol oynayacaq, korrupsiyanın kökünü tam kəsəcək”.

T.İsmayılovun sözlərinə görə, həbssiz və əməliyyatsız gömrük sistemini şəffaflaşdırmaq mümkündür:

“Bunun üçün yeni sədr əvəzinin üzərinə böyük vəzifələr düşür. Hesab edirəm ki, müəyyən zaman keçdikdən sonra biz burada şəffaflığın, daha əvvəl rastlaşdığımız qanunsuz halların qarşısının alınacağını müşahidə edə biləcəyik.

Eyni zamanda, Naxçıvanda baş verən əməliyyatların nəyə görə olduğunu gözləmək lazımdır. DTX-nin mətbuat xidmətinin məlumatına istinad etmək lazımdır və ya bütövlükdə rəsmi qurumların aidiyyatı məsələ ilə bağlı məlumatlarına güvənmək lazımdır. Ona görə rəsmi məlumat olmadan hadisələri qabaqlayıb şərh verməyin doğru olmadığını düşünürəm. Hesab edirəm, hansısa bir komitədə aparılan əməliyyatı bütövlükdə o komitənin təmsil olunduğu bölgəyə və onun rəhbərliyinə aid etmək müəyyən qədər tezdir. Bu baxımdan biz əməliyyatın sonrakı nəticələrini gözləməliyik və daha geniş açıqlama yayıldıqdan sonra prosesin axarının necə olacağını proqnozlaşdırmaq daha doğru olar”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, uzun illərdir Naxçıvan mərkəzi hakimiyyətdən uzaq düşüb, orada heç bir dövlət nəzarəti həyata keçirilmir:

“Naxçıvanda dövlət orqanlarının hamısı yerli hakimiyyətə tabe olduğuna görə orada dövlətə zidd hərəkətin nə qarşısını almaq mümkün ola bilərdi, nə də indiyədək bununla bağlı konkret addım atılıb. Son vaxtlar Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan DTX və Gömrük Xidməti müstəqilləşdirilib və Azərbaycana tabe edilib. Ona görə indi orada DTX Naxçıvan Gömrük Komitəsi və digər dövlət orqanlarında tədqiqatlar aparmaq imkanı əldə edib”.

ADP sədri qeyd edib ki, 30 ildən çoxdur ki, Naxçıvana dövlət büdcəsindən iri həcmdə vəsait ayrılır, dotasiyalar verilir, amma oradakı əhalinin həyat səviyyəsi olduqca aşağıdır və Naxçıvandan dövlət büdcəsinə heç bir gəlir daxil olmur:

“Nəzarətsizlik şəraitində orada milyardlarla vergidən yayınma halları olub. Və iş o yerə çatıb ki, əllərində qeyri-adi əmlak toplayan bu şəxslər Naxçıvanı müstəqil bir dövlət kimi təqdim etməyə başlayıblar, Rusiya və İran ilə Azərbaycan dövlətinin xarici siyasətinə zidd müəyyən əlaqələr qurublar. Bu da dövlətin təhlükəsizliyi üçün çox ciddi təhdidlər yaradır. Bu baxımdan, Naxçıvanda bütün dövlət orqanları yoxlanılmalıdır. Bizdə olan məlumata görə, orada bütün dövlət orqanlarında nəhəng yeyintilər, vergidən yayınmalar, özbaşınalıqlar var. Naxçıvanda indiyədək aparılan istintaq işlərinə yenidən baxılmalıdır, eləcə də kadr siyasətinə baxmaq lazımdır”.

Gülnar Səlimova

Globalinfo.az