Naxçıvanda dövlətə qarşı qurulan plan ifşa edilir – anti-Talıbov əməliyyatının ŞOK TƏFƏRRÜATI

Ölkənin gözü və qulağı Naxçıvana dikilib. Hər gün oradan çeşidli xəbərlər eşidir, oxuyuruq. Muxtar Respublikada gedən proseslər medianın manşetindən düşmür.

Bəzi iddialara görə, Muxtar Respublikada keçirilən əməliyyatlar sıradan antikorrupsiya tədbirləri deyil. Məlumatlı mənbələr iddia edirlər ki, burada söhbət ölkənin suverenliyindən gedir.

Tanınmış jurnalist, əslən Naxçıvandan olan Heydər Oğuz bu günlərdə Globalinfo.az-a müsahibə verib. O da məsələnin korrupsiyaya qarşı tədbir olmadığını deyib.

Sitat: “Naxçıvan hakimiyyəti özünün muxtar statuslarından istifadə edib Azərbaycana tabe olmurdu. Baş verən hadisələr hansısa məmurun korrupsiya faktı deyil, bu, həm də Azərbaycanın suverenliyi məsələsidir. Naxçıvanda Azərbaycanın suverenliyi uğrunda mübarizə gedir və o artıq təmin olunur. Orada Vasif Talıbov özünün dərəbəyliyini yaratmışdı. Nəticədə Naxçıvan camaatı oradan sıxışdırılaraq, qeyri-türklərin yerləşdirilməsi prosesi gedirdi. Naxçıvan tamamilə özünün müstəqilliyi istiqamətində addımlar atırdı”.

Heydər Oğuz kifayət qədər məlumatlı şəxs, təcrübəli jurnalistdir. Onun dediklərində ciddi informasiyaların olduğu istisna deyil. Rəyini öyrəndiyimiz əksər siyasi ekspertlər bu tezisi dəstəklədiklərini bildirirlər.

Heydər Oğuz son dərəcə maraq doğuran fikirlər də deyib.

Sitat: “Rusiya bütün respublikalarda özünün muxtar “minalar”ını yaratmışdı ki, istənilən an onu partladaraq öz istiqamətini dəyişməyə çalışan dövlətlərə maneçilik yaratsın. Cənubi Qafqazda Azərbaycanda olduğu kimi Gürcüstanda və bütün Orta Asiya ölkələrində də muxtar respublikalar var idi. Məqsəd Rusiyanın regiondan təsiri azaldıqca, Naxçıvandakı o minanı zərərsizləşdirməkdir. Korrupsiya isə ikinci dərəcəli məsələdir. Azərbaycanın hər yerində bu var. Hərçənd ki, korrupsiya Naxçıvan qədər heç yerdə olmayıb, amma orada dövlət təhlükəsizliyi problemi öz həllini tapmaq üzrədir”.

Naxçıvanda baş verənlər dövlətin təhlükəsizliyi məsələsidir – bu, birmənalıdır. Azərbaycanın suverenliyinə təhdid yarandığı üçün belə radikal müdaxilə həyata keçirilir.

Talıbov sülaləsi 30 ilə yaxındır Muxtar Respublikada siyasi, maddi və administrativ istiqamətlərdə çox güclənib. Ali Məclis sədri Bakı hakimiyyətini tanımırdı. Əlində cəmlədiyi sərhədsiz səlahiyyətdən istifadə edib, özünün xanlığını yaratmışdı. Vasif Talıbov sadiqliyinə görə bu cür hüdudsuz səlahiyyətlər qazanmışdı. Həm də Naxçıvan kimi mürəkkəb və xarici müdaxiləyə qarşı zəif olan bölgəni “dəmir yumruq”la yönəltmək dövlət üçün öncəlik olub. Görünür, Muxtar Respublika rəhbəri dövlətin gücünü özünün gücü saymağa başlayıb və artıq nazirlərə yox, ali rəhbərliyə qarşı da saymazlıq etməyə başlayıb, Heydər Oğuzun dediklərinə inansaq, qorxunc projelərdə yer alıb. Bu da dövlətin səbir kasasını daşıran son damlaya çevrilib.

Ona görə də mərkəzi hakimiyyət Vasif Talıbovun qurduğu sistemi dağıdır, onu administrativ resurslardan və maliyyə qaynaqlarından məhrum edir. Rəsmi məlumatlardan aydın olur ki, 100 milyonlarla dövlət vəsaiti oğurlanıb, dövlət büdcəsindən Muxtar Respublikaya hər il ayrılan 300 milyon manat talanıb. Amma qeyri-rəsmi məlumatlarda yeyintinin, talançılığın, hədsizliyin daha geniş olduğu haqda bilgilər var.

Ortada yalnız büdcə talançılığı, gömrük oğurluğunun olmadığı aydındır. Dövlətin unitar quruluşuna uzanan xain əllərin, müstəqilliyə baxan düşmən gözlərin olduğu təəssüratı yaranır. Son əməliyyatlara diqqət etdikdə sanki hazırlığı aparılan dövlət çevrilişinin, müstəqilliyə qarşı təşkil edilən planın qarşısı alınır. Və sual yaranır: Vasif Talıbov Naxçıvanda dövlətə hansı sürprizləri hazırlayırmış? Muxtar Respublikada keçirilən əməliyyatların gerçək mahiyyəti nədir?

İnanırıq, yaxın günlərdə bu suallara da aydınlıq gətiriləcək.

Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Prezident İlham Əliyevin üstün iradəsi öz sözünü deyir. Ölkə başçısı xüsusilə də korrupsiya faktlarına qarşı güzəştsizdir. Buna görə istənilən məmuru qanun çərçivəsində cəzalandırmaq haqqını hər zaman özündə saxlayır. Vasif Talıbovun sadiq məmur olmasına və zamanında mühüm xidmətlər göstərməsinə baxmayaraq, onun da dövlətçiliyə zidd əməlləri (varsa) cəzasız qalmayacaq. Bu ranqda bir məmurun rəhbərlik etdiyi Muxtar Respublikanın “süzgəc”dən keçirilməsi bir daha göstərir ki, Prezident İlham Əliyev üçün dövlətin təhlükəsizliyi, xalqın malı məsələsində istisna yoxdur.

Globalinfo.az