Naxçıvanda daha bir ilk: Muxtar Respublikada keçirilən konfrans haqda üç tanınmışın rəyi – VİDEO

 

Fevralın 21-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən əksər vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri iştirak ediblər.

Konfransda iştirak edən D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova Globalinfo.az-a açıqlamasıında konfransın əhəmiyyətindən söz açıb:

“Bütün təşkilatçılara minnətdarlığımı bildirirəm, çox möhtəşəm konfrans oldu. Bu tədbir elə ən çox Naxçıvana lazım idi. Orada QHT təmsilçiləri, mətbuat nümayəndələri, universitet müəllimləri və sadə vətəndaşların iştirakı ilə son 30 ildə belə böyük tədbir olmamışdı. Hər kəs sevinc içində idi, nəhayət, Naxçıvana yol açıldı. Artıq ora rahatlıqla getmək, yaşamaq, işləmək mümkün olacaq. Dünənki konfrans bütün mənalarda çox ciddi əhəmiyyətə malik idi”.

Novella Cəfərova

Sədr Naxçıvanda Zəngəzur forumunun təşkil olunmasını təklif edib:

“Konfrans iştirakçıları olaraq inanırıq ki, Zəngəzur dəhlizi yaxın zamanda açılacaq və Naxçıvana dəmir yolu vasitəsilə daha rahat gediş-gəliş təmin ediləcək. Düşünürəm ki, Naxçıvanda “I Zəngəzur Forumu” təşkil edilsin və bütün dünyaya insanların bura gəlmək üçün sadəcə hava yolundan istifadə edə biləcəyi göstərilsin. Hər kəs bilsin ki, bu dəhliz bizim üçün nə qədər vacibdir. Münaqişələri birgə fəaliyyətlə həll etməyin mümkün olduğunu dünyaya göstərməliyik. Bu dəhlizin sadəcə bizim üçün deyil, Ermənistan, Gürcüstan, Rusiya, hətta Avropa üçün nə qədər vacib olduğunu sübut etməliyik”.

“QlobalMedia və Siyasət Araşdırmaları” İctimai Birliyinin rəhbəri Azər Ayxan Globalinfo.az-a bildirib ki, bu tədbiri Naxçıvanın azadlıq mesajı da adlandırmaq olar:

 

Azər Ayxan

“Fevralın 21-də “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusuna həsr olunmuş konfransa qatılmaq üçün Naxçıvana səfər etdik. Səfərin təşkilatçısı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi idi. Bu mənim QHT sektorundakı belə böyük tədbirdə ilk iştirakım idi. Çox xoş təəssüratım yarandı. Səfər kifayət qədər zəngin gündəliyə malik idi. Orada bütün iştirakçıların diqqətini çəkən əsas məqam Naxçıvanda belə bir tədbirin keçirilməsi idi. Məlumdur ki, Vasif Talıbovun zamanında bu kimi tədbirlərin təşkili mümkün deyildi. Bu, həm ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən bir konfrans olması baxımından, həm də Naxçıvanla bağlı bir açılım olaraq vacib əhəmiyyət daşıyır. Mən bunu Şuşa işğaldan azad edildikdən sonra QHT təmsilçilərinin oraya səfərinin təşkili ilə müqayisə edirəm. Sanki Naxçıvan da işğaldan azad olunub və burada vətəndaş cəmiyyəti institutunun tanınan nümayəndələri ilə bu cür bir tədbir keçirilir. Əlbəttə, söhbət mənəvi, siyasi, hətta düşüncələrin işğalından gedir”.

A.Ayxan Naxçıvan sakinlərinin doğma şəhərlərinə qayıdışının təmin edilməsi üçün görülməsi vacib olan işlərə diqqət çəkib:

“Qeyri-Hökumət Təşkilatları demokratiyanın və azad cəmiyyət quruculuğunun əsas atributlarından biridir. Vasif Talıbovun istefasından sonra belə bir institutun orada bu cür möhtəşəm tədbir keçirməsi, fikrimcə, həm də, “Naxçıvan, sən artıq azadsan!” mesajı idi. Tədbirin təşkilatçılığını xüsusilə təqdir etmək istəyirəm, çox bəyəndim. Konfransda çıxışlarda da xeyli mesajlar var idi. Bu şəhərdə insanlar artıq özlərini kifayət qədər sərbəst hiss edirlər. Daha qorxu, çəkingənlik yoxdur. Amma hələ də küçələrdə insanların çox az olması diqqətimizi çəkən məqamlardan oldu. Bu o deməkdir ki, dövlət tərəfindən Naxçıvana qayıdış konsepsiyası hazılanmalıdır. Buranın fədakar sakinləri öz doğma torpaqlarına geri dönməlidirlər. Bunun üçün əsas məsələ isə onların işlə təmin edilməsidir. Bununla bağlı dövlət proqramı işlənməlidir. Naxçıvan böyük potensiala malik bir bölgədir. İnanırıq ki, əvvəlki monopoliyanın təsirləri, iqtisadi işğal, qorxu, repressiya tamamilə aradan qaldırılacağı təqdirdə əhalinin sosial rifahı yaxşılaşdırıla bilər”. Azər Ayxan bildirdi ki, vətəndaşın rahat olmadığı yerdə vətəndaş cəmiyyəti institutlarının uğurlu fəaliyyəti mümkün deyil.

Konfransla bağlı təəssüratlarını Globalinfo.az-la bölüşən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Naxçıvanda gedən proseslərdə vətəndaş cəmiyyətinin rolundan danışıb:

Əliməmməd Nuriyev

“Uzun müddət idi ki, vətəndaş cəmiyyətinin Naxçıvandakı bütün proseslerdə iştirakı ilə bağlı çətinliklər vardı. Burada vətəndaş cəmiyyəti institutlarının formalaşma prosesi hələ ilkin mərhələdədir. Biz də səfər zamanı Naxçıvan Muxtar Respublikasında böyük dəyişikliklərin başladığının şahidi olduq. Düşündük ki, bütövlükdə vətəndaş cəmiyyəti bu prosesə öz töhfəsini verə bilər. Beləliklə Ümummilli lider Heydər Əliyevin yubileyi ərəfəsində Naxçıvanda belə bir tədbirin keçirilməsi qərara alındı. Azərbaycan Respublikasının Konstitusiyasına vətəndaş cəmiyyəti ilə bağlı mühüm müddəalar ulu öndərin təşəbbüsü ilə daxil edilmişdi. Onun dövründə QHT-lərlə bağlı qanun qəbul edildi, mexanizmlər dəqiqləşdirildi. Bu baxımdan konfransın məhz Heydər Əliyevin anadan olduğu Naxçıvan şəhərində keçirilməsi də təsadüfi deyil”.

Ə.Nuriyev tədbirin müsbət nəticələri olacağını qeyd edib:

“Konfransda hazırda vətəndaş cəmiyyəti qarşısında duran çağırışlar müzakirə edildi, vacib fikirlər səsləndirildi. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və müsbət nəticələri olacaq. Naxçıvanda ilk dəfə vətəndaşları maraqlandıran mövzuları əhatə edən tədbir təşkil olunurdu. Eyni zamanda Naxçıvanın yeni rəhbərliyinin sakinlərlə yaxın ünsiyyətinin şahidi olduq. Vətəndaş cəmiyyəti olaraq xalqın rifahı istiqamətində fəaliyyətimizi daha da genişləndirməyi düşünürük. İnanıram ki, 2023-cü ildə bu mövzuda ciddi dəyişikliklər olacaq”.

Ayşən Mustafa
Globalinfo.az