Naxçıvanda 20 il əvvəl törədilən qətlin üstü açıldı

Naxçıvanda 20 il əvvəl törədilən qəsdən adam öldürmə hadisəsi üzrə cinayət işi başlanılıb.

Globalinfo.az bildirir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın DİN, eləcə də Ordubad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Ordubad rayonunun Xurs kəndində qeyri-aşkar şəraitdə qəsdən adam öldürmə cinayəti müəyyən edilib.

Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini, 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyeva qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub.

Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb.

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.