Naxçıvan şəhərində insident: həbs edilən var

Fevralın 1-də Naxçıvanda yerləşən “Araz kargo” şirkətində insident baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü, Babək rayon Şıxmahmud kəndində yaşayan Səfər Səfərov (şərti) şirkətə hücum edərək orada işləyən arvadını söyməyə başlayıb.

Dava-dalaşın böyüdüyünü görə şirkət əməkdaşları polis çağırıblar və həmin şəxs saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib və Naxçıvan şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə S.Səfərov törətdiyi əməldən peşman olduğunu deyib. O, hadisəni törədərkən sərxoş olduğunu bildirib: “Həyat yoldaşımla boşandığıma görə Naxçıvan Şəhər Məhkəməsinə qətnaməni almaq üçün getmişdim. Qətnaməni aldıqdan sonra məhkəmədən çıxdım, boşanmaq məsələsinə görə çox hövsələsiz olmuşam, içki içmək qərarına gəldim, araq alıb anamın evinə getdim. Anamla bir az boşanma barədə söhbət etdik, yemək yeyib araq qəbul etdim. Bundan sonra içkinin təsirindən keçmiş həyat yoldaşıma zəng edib mənim soyadımdan çıxmağını tələb etdim. O da “tüpürüm sənin soyadına” dedi. Əsəbiləşib onu söydüm, o da telefonunu söndürdü, təkrar zəng edəndə isə məni bloka atdı. Bunu görüb əsəbi halda evdən çıxıb keçmiş həyat yoldaşımın işlədiyi “Araz karqo”ya getdim. İçəri girəndən sonra mübahisə baş verdi, bizi aralayıb məni çölə çıxardılar”.

Naxçıvan şəhər Məhkəməsinin 1 fevral tarixli qərarı ilə 42 yaşlı kişi 10 gün müddətinə inzibati həbs cəzası alıb.

Malik
Globalinfo.az