NATO: Ukrayna özünü əsgərlə təmin etməlidir

“NATO və müttəfiqləri Kiyevə silah verir, lakin Ukrayna özünü əsgərlərlə təmin etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O, Ukraynada hərbi xidmətə çağırış yaşının aşağı salınması ilə bağlı qəbul edilən qanuna toxunub. Kiyevin lazımi sayda insanı səfərbər edə biləcəyinə əminliyini bildirib.

“Ukraynanın əsgərlərə və silah-sursata ehtiyacı var. Əgər NATO və müttəfiqləri Kiyevi indikindən daha çox silahla təchiz edə bilsələr, o zaman insan resursları məsələsini Ukrayna müstəqil şəkildə həll etməli olacaq. Kiyevin cəbhəyə lazımi sayda əsgər göndərmək üçün müvafiq qərarları verəcəyinə şübhəm yoxdur”, – deyə Stoltenberq vurğulayıb.

Qeyd edək ki, daha öncə Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik üçün minimum yaş həddinin aşağı salınması haqqında qanunu imzalayıb. Beləliklə, aşağı yaş həddi 27-dən 25-ə endirilib.

Əliyar Xəlil
Globalinfo.az