NATO İrəvanla Bakı arasında vasitəçi deyil – Stoltenberq

NATO İrəvanla Bakı arasında vasitəçi deyil və danışıqlar prosesi çərçivəsində təkliflərlə çıxış edə bilməz.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

“Əminəm ki, sülh əldə edilə bilər. Bu realdır, çünki bəzi əsas prinsiplər artıq razılaşdırılıb. Bunların arasında hər iki ölkənin ərazi bütövlüyünə hörmət var” – deyə Stoltenberq deyib.

O qeyd edib ki, NATO sülhə gətirib çıxara biləcək prinsipləri dəstəkləyir və mövcud fikir ayrılıqlarının həll olunacağı və aradan qaldırıla biləcəyinə inanır.

Alyansın Baş katibi xatırladıb ki, Fransa, Almaniya, Böyük Britaniya da tarixin müxtəlif mərhələlərində müharibə vəziyyətində olublar, lakin bu gün bu ölkələr sülh şəraitində yaşayırlar.

Stoltenberq vurğulayıb ki, onun İrəvana və Bakıya göndərdiyi mesaj ondan ibarətdir ki, hər iki tərəf sülhün əldə olunmasının mümkünlüyünü görməlidir.

Xatırladaq ki, NATO-nun Baş katibi martın 19-da İrəvana regional səfər edib. O, daha əvvəl Bakı və Tbilisiyə səfər edib.