
Ukrayna NATO-ya üzv olmasa, 1,5 milyon hərbçidən ibarət orduya sahib olmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxenə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Əgər və ya nə qədər ki, biz NATO-ya üzv deyilik, bizim elə bir ordumuz olmalıdır ki, müdafiəmizi təmin edə bilsin. Müvafiq sayda da hərbçimiz olmalıdır. Mən indi sadəcə bir rəqəm deyəcəm: 1,5 milyon nəfər”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna hərbçilərinin sayı bu rəqəmdən iki dəfə azdır. Say artdığı təqdirdə ordunun saxlanılması üçün 60 milyard dollar gərək olacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ müdafiə naziri Pit Heqset “Breitbart News” nəşrinə müsahibəsində hazırda Ukraynanın NATO-ya üzvlük ehtimalının aşağı olduğunu demişdi.
Aysel Əliyeva
Globalinfo.az