NASA Marsda yaşamaq üçün könüllülər axtarır

ABŞ-ın Kosmik Agentliyi NASA Marsda həyatın bir il boyu simulyasiyası üçün namizədlər axtarır.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, agentlik 2025-ci ilin ortalarından başlayaraq, “Mars Dune Alpha” layihəsi çərçivəsində dörd könüllü axtardığını elan edib. Bu, NASA-nın Mars missiyalarının hazırlanması üçün nəzərdə tutulan “Chapea” proqramının tərkib hissəsi olan ikinci simulyatordur.

Layihə iştirakçıları Texas ştatının Hyuston şəhərində, Mars sahəsinə uyğun modelləşdirilən təxminən 160 kvadratmetrlik simulyasiya sahəsində digər işlərlə yanaşı, məhsul yığımı, həmçinin yaşayış sahəsi və texniki avadanlıqlara xidmət etməli və idmanla məşğul olmalıdırlar.

NASA bildirib ki, təbiət elmləri üzrə ali təhsili olan və ən azı 1000 saat uçuş təcrübəsinə malik hər kəs aprelin 2-dək layihədə iştirak etmək üçün müraciət edə bilər. Bundan əlavə, könüllülər 30 ilə 55 yaş arasında, sağlam və motivasiyalı olmalı, siqaret çəkməməli, ABŞ vətəndaşlığına və ya daimi yaşayış icazəsinə malik olmalıdırlar.