Narkotacirlərin 3,5 milyon dollarlıq “Bentley”ləri türk polisinin ixtiyarına keçdi

Türkiyə Polis İdarəsi narkotiklərlə mübarizə əməliyyatı nəticəsində müsadirə edilən lüks avtomobillər, superkarlar və yolsuzluq avtomobillərindən ibarət unikal avtomobil parkı yaradıb.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ümumi dəyəri 3,5 milyon dollar olan 23 avtomobil polis parkının bir hissəsi olub.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media səhifəsində “Bentley Continental GT”, “Porsche Taycan”, “Ferrari 458”, hətta “Range Rover Sport” və “Mercedes-Benz GLS” kimi dəbdəbəli avtomobillərin asayiş keşikçilərinə Türkiyə şəhərlərinin küçələrində xidmət etməyə kömək edəcəyini göstərən video paylaşıb.

“Mütəşəkkil cinayətkar qrupa qarşı uğurlu əməliyyat tədbirləri nəticəsində 23 avtomobil müsadirə edilib. Məhkəmə bu avtomobillərin polisə təhvil verilməsinə qərar verib”, deyə nazir izah edib.

Bu avtomobillər əvvəllər Avstraliyadan olan “Comanchero” motosiklet dəstəsinin lideri Hakan Ayığa məxsus olub. Ayıkın sərvəti 1 milyard dollar qiymətləndirilir.

O, ötən ay 36 şəriki ilə birlikdə İstanbulda həbs edilib.