Nadir Şah üçün “yerini azmışların” savaşı: Qənirə Paşayevanın adı niyə hallandı?

Son günlər Nadir Şahla bağlı yayılan xəbərlər sözün əsl mənasında ürəkbulandırıcıdır.

Belə ki, əvvəl Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov iddia etdi ki, Əfşarlar imperiyasının qurucusu Nadir Şah gədəbəyli olub. Müzakirələr zamanı akademik Nizami Cəfərov professorun fikirlərinə düzəliş edib və bildirib ki, Nadir Şah gədəbəyli deyil, gədəbəylilər Əfşardır.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru Güllü Yoloğlu isə bildirib ki, Nadir Şahın anası ayrım tayfasından olub.

Tarix elmimizin “qaymaqları” məsələni “müzakirə” etdiyi bir zamanda “Nadir Şah” əsərinin müəllifi, jurnalist Yunus Oğuzun saytlardan birinə açıqlamasında Nadir Şahın mərhum millət vəkili Qənirə Paşayevanın qohumu olduğunu söyləyib.

Yadıma lap “Alma almaya bənzər” filmi düşdü. Necə ki, filmdə toxumsuz almanı elmə isbat etməyə çalışan Mehdi və Nadir babadan biri toxum, biri qurd, biri də alma istəyir, eynilə bu məsələdə də biri deyir, Nadir Şah gədəbəylidir, digəri deyir, yox, gədəbəylilər əfşardır, digəri isə deyir ki, Nadir Şah Qənirə Paşayevanın qohumudur.

Əslində bu mənasız müzakirənin kökündə dayanan yegənə problem yerlibazlığıdır. Məsələnin tragikomik tərəfinə gəlincə. Nadir Şahın hansı bölgəyə mənsub olduğunu müzakirə edənlər unudur ki, Azərbaycanda yerlibazlığın əsasını məhz Nadir Şah qoyub.

İfadəm bir az ağır olsa da bu, belədir. Nadir Səfəvi imperiyasının sonuncu şahı, üçüncü Abbası 1736-cı ildə taxtdan endirib sürgünə göndərməsi və onun yerinə Suqovuşanda keçirdiyi qurultayda özünü şah elan etməsi ilə faktiki olaraq bu prosesin əsasını qoydu.

Səfəvilər təkcə bir ailə dövlətləri, bir imperiya deyildi. Həm də böyük bir coğrafiyanı birlikdə saxlayan dini, siyasi, ideoloji bir sistem idi. Nadir özünü şah elan edərək bu sistemi alt-üst etdi.

Nadir Şahın 1747-ci ildə sui-qəsd nəticəsində ölümü isə faktiki olaraq böyük bir coğrafiyanı başsız qoydu. Başsız qalan Azərbaycanda yerli xanların hərəsi bir baş oldu, hər başdan da bir səs çıxdı. Xanlıq dövrü isə faktiki olaraq yerlibazlığın ölkəmizdə kök saldığı illərdir.

Əlbəttə, tarixi şəxsiyyətləri 21-ci əsrin reallıqları ilə mühakimə etmək doğru və obyektiv deyil. Amma Nadir Şahın gədəbəyli olması, ya da Gədəbəy əhalisinin Nadir Şahın tayfasından olmasını müzakirə etmək də bir o qədər absurd, məntiqsizlikdir.

Hə, bir də məsələnin Qənirə Paşayevə tərəfi var. Mərhum millət vəkilinin vaxtsız ölümü hər kəs kimi məni də sarsıtdı. Geridə çox suallar qoysa da, onun adını belə məntiqsiz, lazımsız məsəllərdə hallandırmaq, Qənirə xanımın əziz xatirəsinə hörmətsizlikdir.

Heç şübhəsiz, Qənirə Paşayeva türk qadını idi. Lap kürd, talış, ləzgi olsaydı da, heç nə dəyişməyəcəkdi. Çünki o, ömrünü Azərbaycan üçün sərf etmiş, çalışmış vətənpərvər idi. Yəni Qənirə xanımı Nadir Şahla qohum etmək, onu bundan artıq ucaltmayacaq.

Sevindirici haldır ki, mərhum deputat Qənirə Paşayevanın əmisi, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Globalinfo.az saytına açıqlamasında bu mənasız, məzmunsuz məsələyə aydınlıq gətirib və deyib: “Nadir Şahla qohum olduğumuzu deyə bilmərəm. Bu, çətin məsələdir”.

Turan Rzayev
Globalinfo.az