Patruşevi Bakıya gətirən iki ciddi səbəb – Moskva narahatdır

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər etdi. Onun Bakıya hər gəlişi mediada, siyasi dairələrdə xüsusi müzakirə edilir. Bu səfər Rusiya Hərbi Dəniz Donanmasının iki hərbi gəmisinin Bakıya dostluq səfəri etməsi fonunda reallaşdı. 

Maraqlıdır, Nikolay Patruşevi Bakıya gətirən səbəblər nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, rusiyalı rəsmilərin Bakıya səfərləri hər zaman narahatlıq doğurub:

“Əslində, bunun subyektiv səbəbləri var. Belə ki, rusiyalı rəsmilər Azərbaycana səfərə gəldikdən sonra Ermənistanla Azərbaycan arasında gərginlik artır, hətta silahlı insidentlər də baş verirdi. Lakin vəziyyət dəyişib. Rusiya da başa düşür ki, regionda kim ona təhlükə yaratmır və arxadan vurmayacaq. Rusiya Azərbaycanın yanındadır.

Kreml anlayır ki, təsir dairəsi get-gedə azalır. Cənubi Qafqazda faktiki olaraq Ermənistanla münasibətlər qopma həddindədir. Rəsmi İrəvan Roma Statutunu qəbul edərək faktiki olaraq Rusiyaya arxasını çevirdi. Gürcüstanla da münasibətlər soyuqdur. Belə olan təqdirdə Kreml Bakını itirməyi gözə ala bilməz. Məhz buna görə deyirəm ki, Moskva Bakının yanındadır və son zamanlar açıq şəkildə dəstəyini ifadə edir.

Ramiyə Məmmədov

Digər bir məsələ isə Yaxın Şərqdə İsrail-HƏMAS müharibəsinin başlamasıdır. ABŞ əraziyə donanmasını göndərir. Görünür, Vaşinqton Yaxın Şərqdə gərginliyin artmasında maraqlıdır. Rusiya bu gərginliyin Cənubi Qafqaza sıçramasını, habelə Qərbin regiona gəlməsini istəmir. Buna görə də Bakı ilə təmaslarını sıxlaşdırır. Hesab edirəm, Nikolay Patruşevin Azərbaycana səfəri də bununla bağlıdır”.

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Patruşevin Azərbaycana səfəri əsasən sülhməramlı qüvvələrlə bağlı yaranan siyasi polemika və İranla Azərbaycan arasında Zəngəzur dəhlizinin yeni seqmentinin razılaşdırılmasından qaynaqlanan narahatlıqdır:

“Azərbaycan rus sülhməramlı qüvvələrinin vaxtından əvvəl Qarabağdan çıxarılmasında maraqlıdır. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə sülhməramlı qüvvələrin Qarabağda qalacağını qeyd etmişdi.

Həmçinin İranla Zəngəzur dəhlizinin açılması Kremlin regionda mövqeyinə ciddi zərbə vurub. Çünki Ermənistan ərazisindən dəhliz keçəcəkdisə bu, Rusiyanın nəzarətində olacaqdı.

Məhəmməd Əsədullazadə

N.Patruşevin səfəri və cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi Azərbaycanın Rusiya ilə əlaqələrə önəm verdiyini göstərir. Lakin rəsmi Bakının öz maraqları var və bu istiqamətdə siyasətini davam etdirəcək. Azərbaycan Rusiya ilə 3+3 platforması çərçivəsində əməkdaşlıqda maraqlıdır.

Kreml çalışır ki, regionda mövqelərini qoruyub saxlasın. Ona görə də əsas söz sahiblərindən birini Azərbaycana göndərib”.

Turan Rzayev
Globalinfo.az