Ramiz Mehdiyevin həbsi ictimaiyyətdə geniş rezonans doğurub. Hazırda həm də müxalifət nümayəndələrinin reaksiyası diqqət mərkəzindədir.
Onlar bu barədə nə düşünürlər?
Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Ramiz Mehdiyev çoxdan həbs edilməli idi:
Sərdar Cəlaloğlu
“Onun Rusiyanın maraqlarına xidmət etdiyini 10-20 il əvvəldən bilirdik. Sadəcə o dövrdəki geosiyasi şərait Kremllə açıq qarşıdurmaya imkan vermirdi. Qarabağ problemi ciddi şəkildə gündəmdə idi. Ramiz Mehdiyev bu problemin həllinə də mane olur, eyni zamanda Rusiyanın təsiri ilə Azərbaycan hökumətini və xalqını müəyyən mənada şantaj altında saxlayırdı. O dövrdə ölkəmizin Türkiyə, Pakistan və ABŞ-la münasibətləri indiki qədər güclü deyildi. Nə suverenliyimizə, nə də təhlükəsizliyimizə təminat var idi. Lakin son illərdə vəziyyət ciddi şəkildə dəyişib. Azərbaycan balanslaşdırılmış siyasətdən imtina edərək Avropa və ABŞ-la yaxın əməkdaşlıq kursunu seçib. Bu da Rusiyanın ölkədəki agentura şəbəkəsini neytrallaşdırmaq və təsir imkanlarını məhdudlaşdırmaq üçün şərait yaradıb. Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamların hər biri obyektiv və əsaslıdır. Qanunvericiliyimizin sərtləşməsi, siyasi məhbusların yaranması, ziyalıların və gənclərin ölkəni tərk etməsinə səbəb olan siyasətin başında da məhz Mehdiyev dayanırdı. O, bütün bunları Rusiyadan aldığı göstərişlər əsasında həyata keçirib”.
Müsavat Partiyasının məclis sədri Arif Hacılı bildirib ki, Ramiz Mehdiyev vəzifədə olduğu uzun illər ərzində saysız bəd əməllər törədib:
Arif Hacılı
“Şəxsən mənim millət vəkili seçilsəm də, parlamentə buraxılmamağımın, dəfələrlə uzun müddətə həbs olunmağımın, yaxınlarımın təqib olunmasında Ramiz Mehdiyevin xüsusi rolu olub”.
REAL Partiyasının sədri Natiq Cəfərli isə qeyd edib ki, Ramiz Mehdiyev ən azı 2019-cu ilə qədər siyasi proseslərin mərkəzində olmuş bir fiqur sayılır:
Natiq Cəfərli
“Azərbaycan mətbuatında Mehdiyevin siyasətə müdaxilələri və Moskva ilə əlaqələri barədə müxtəlif araşdırmalar yayımlanıb. Onun barəsində səslənən ittihamlar çox ciddidir, dövlət çevrilişi cəhdləri təkbaşına baş verə bilməz. Əgər belə bir hərəkət olubsa, istintaq zamanı onun iqtisadi, siyasi, hərbi və digər ayaqları, bu işdə adları olan şəxslər və qurumlar tam şəkildə ifşa olunmalı, ictimaiyyətə ətraflı məlumat verilməlidir. Mehdiyevin nəzarəti altında olan siyasi qüvvələr, iqtisadi güc mərkəzləri, eləcə də hüquq-mühafizə və hərbi strukturlarda yer alan şəxslər tam şəkildə araşdırılmalıdır. Bu, Azərbaycanın gələcəkdə oxşar təhdidlərdən sığortalanması və dövlət təhlükəsizliyinin təminatı üçün vacib addım olar”.
Ləman İmran
Globalinfo.az