Bu gün Prezident İlham Əliyevin doğum günüdür. Bir çox ölkə rəhbəri – prezidentlər, baş nazirlər Azərbaycan prezidentinə təbrik məktubu ünvanlayıblar. Ümumiyyətlə, dünyada belə bir ənənə var ki, iqtidar və müxalifət nümayəndələri xüsusi günlərdə bir-birlərini təbrik edirlər. Bəs Azərbaycanda belə bir ənənə mövcuddurmu?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezidenti təbrik etdiyini bildirib.
O, həm sosial şəbəkə üzərindən, həm də Xural TV-nin canlı efiri zamanı İlham Əliyevi təbrik etdiyini deyib:
“Bu gün də sizin vasitənizlə bir daha Prezidenti təbrik edir, ona cansağlığı, uzun ömür, Azərbaycan dövləti naminə başladığı bu uğurlu işlərdə müvəffəqiyyətlər arzu edirəm”.
AĞ partiyanın sədri Tural Abbaslı da ölkə başçısını təbrik etdiyini açıqlayıb:
“Biz keçən il də Prezidenti yubileyi münasibətilə partiya adından təbrik etmişdik. Düşünürəm ki, belə də olmalıdır. Çünki burada söhbət iqtidar və müxalifətdən getmir. Söhbət siyasi mədəniyyətin formalaşmasından gedir. Bu il də media vasitəsilə təbrik etdim. Ona cansağlığı, işlərində müvəffəqiyyətlər arzu etdim. Sizin də vasitənizlə cənab Prezidenti təbrik edir, ailə xoşbəxtliyi və işlərində uğurlar arzu edirəm”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də Prezidenti təbrik etdiyini bildirib:
“Ötən il Prezident İlham Əliyevi yubiley yaşı münasibətilə təbrik etmişdik. Sizin vasitənizlə də bir daha bu gün cənab Prezidenti təbrik etmək istəyirəm. Çiçəklənən güclü Azərbaycanın qurulmasında ona uğurlar arzu edirəm”.
Vətəndaş Həmrəyli Partiyasının sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlı da İlham Əliyevi doğum günü münasibətilə təbrik etdiyini deyib:
“Keçən il də yubileyi münasibətilə həm öz adımdan, həm də partiya adından təbrik etmişdim. Bu il də ayrıca öz adımdan sosial media vasitəsilə təbrik etmişəm. Ölkə başçısıdır və son illər kifayət qədər zəhmət çəkmiş, böyük işlər görmüş bir adamdır”.
Zaira Akifqızı
Globalinfo.az