Müsavat rəhbərliyindən Qubad İbadoğlu açıqlaması

İqtisadçı ekspert Qubad İbadoğlu artıq ev dustaqlığına buraxılıb. Onu ziyarətə gedənlər arasında müxalifət partiyalarının təmsilçiləri də var.

Q.İbadoğlu uzun illər Müsavat Partiyasının Divanının, Məclisinin üzvü olub. Görəsən, Müsavat Partiyası rəhbərliyi onu ziyarət ediblərmi? Zəng vurub, hal-əhval tutublarmı?

Globalinfo.az-a danışan Müsavat Partiyasının başqanı Arif Hacılı Qubad İbadoğlunun özü ilə hələ danışa bilmədiyini deyib:

“Əslində, Qubad İbadoğlu ev dustaqlığına deyil, bütövlükdə azadlığa buraxılmalı idi. Dünən onun yaxınları ilə əlaqə yaradıb, evə buraxılması münasibətilə təbriklərimi ona və ailə üzvlərinə çatdırmağı xahiş etmişəm. Şərait yaransa, yaxın vaxtlarda görüşə də bilərik”.

Müsavat Məclisinin sədri, Bakı Dövlət Universitetinin (BDU) dosenti Nüşabə Sadıqlı Q.İbadoğlunu təbrik etmədiyini bildirib.

O, bunu vaxt azlığı ilə əlaqələndirib:

“Etiraf edim ki, nə evinə gedə, nə də zəng edib təbrik edə bilmişəm. Bu aralar imtahanla əlaqədar vaxtım olmur, evə də gedəndə artıq gec olur. Lakin Qubad bəyin evdə olmasına çox sevindim. Yalnız Qubadın deyil, bütün siyasi məhbusların azadlığına sevinirəm. Onların tezliklə azadlıqlarına qovuşmaları üçün hər zaman dua edirəm. İşlərimlə bağlı vaxt edib evinə gedə bilməsəm də, Allahın izni ilə mütləq zəng edib, təbrikimi çatdıracağam”.

Xatırladaq ki, Qubad İbadoğlu Müsavat Partiyası ilə yollarını 2015-ci ildə ayırıb. 2014-cü ilin payızında başqanlıq seçkisindən sonra nəticələrdən narazı qaldığı üçün tərəfdarları ilə birlikdə partiya sıralarını tərk edib. ADR adlı hərəkat yaradıb.

Zaira Akifqızı
Globalinfo.az