Münxendə Əliyev diplomatiyası: Parisin puç olan arzuları, Nikolun “cəsarəti”, Bakının növbəti qələbəsi

Almaniyanın Münxen şəhərində təşkil olunan 59-cu Münxen Təhlükəsizlik Konfransı (MTK) başa çatdı.

Bu MTK-nın sayca 59-cu görüşü olsa da ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edildi. Digər diqqətçəkən məqam 59-cu sessiyanın indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə ən irimiqyaslı olması oldu.

Belə ki, 800 nəfərdən çox rəsmi dəvət olunmuş iştirakçının qatıldığı bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının prezidenti, Avropa Komissiyasının prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri də iştirak etdi.

Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Bu həm də ölkə başçısının timsalında Qərbin Azərbaycana verdiyi dəyərin və önəmin əyani sübutudur.

Əliyev diplomatiyası Parisin təşəbbüsünü alt-üst etdi

Münxen Təhlükəsizlik Konfransının diqqətçəkən məqamlarından biri şübhəsiz Fransa ilə bağlı nüans oldu. Belə ki, Fransa tədbirdən əvvəl Parisdə görüş təşkil etmək istəyirdi. Paris Azərbaycan-Ermənistan məsələsində təşəbbüsün məhz onun əlində olduğunu və bununla da Azərbaycana öz iradəsini diktə etmək gücünə malik olduğunu dünyaya göstərmək istəyirdi. Amma rəsmi Parisin nəinki bu niyyəti baş tutmadı, ümumilikdə bu istiqamətdə yürütdüyü siyasət tam iflasa uğradı.

Bunu Münxendə üçtərəfli görüşün ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutması da sübut edir. Aydın göstərdi ki, Fransanın bu prosesdə heç bir yeri və rolu yoxdur. Rəsmi Bakı Brüsseli və ya Vaşinqtonu bu məsələdə daha vacib görür.

Fransanın birtərəfli ermənipərəst siyasəti onun prosesdə iştirakını imkansız edir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Brüssel formatının sonrakı mərhələdə pozulması da məhz Fransanın təşəbbüsü öz əlinə götürmək cəhdindən sonra baş verdi.

Paşinyanın “cəsarəti”

MTK şübhəsiz ən diqqətçəkən məqamı Prezident İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda Təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etməsi oldu. Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak etdilər.

Moderatorun təxribat xarakterli sualları diqqətçəkən ilk məqam oldu. Belə ki, Ermənistanın Türkiyədəki zəlzələyə görə etdiyi humanitar yardımı qeyri-adi hadisə kimi şişirtməsi, Laçın yolundakı ekofəalların aksiyasını təhrif olunmuş formada təqdim etməsi, Qarabağda mövcud olmayan “humanitar böhran”a diqqəti çəkməsi və nəhayət, Paşinyana xüsusi şərait yaratması müzakirələrin öncədən hazırlanmış ssenari əsasında təşkil olunması təəssüratını yaratdı.

Bunu deməyə əsas verən digər bir fakt isə Cənubi Qafqaza həsr olunan panel haqqında verilən ilkin anonsda Paşinyanın adının iştirakçılar sırasında olmamasıdır. Prezidentə Münxendə yerli telekanallara verdiyi müsahibəsində bildirdi ki, Paşinyanın paneldə iştirakı haqda məlumat yaxın saatlara qədər mövcud deyildi.

Görünür, Paşinyan 2020-ci ilin fevralında Prezident Əliyevlə keçirilən canlı debatda düşdüyü rəzil vəziyyətə bir daha düşməmək üçün iştirakdan imtina etmişdi. Lakin yenə də yekunda o paneldə iştirak etdi və görünür onun iştirakına səbəb təşkilatçıların və panelin moderatorunun Paşinyana “xüsusi imtiyazlı debat” vədi olub.

Müzakirələr zamanı da göründü ki, moderator Paşinyana söz verdiyi zaman onun üçün xüsusi şərait yaratdı.

Lakin bunların heç biri Paşinyanın növbəti dəfə rəzil vəziyyətə düşməkdən və biabır olmaqdan xilas edə bilmədi. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də ingilis dilində çox səlis, eləcə də sanballı və məntiqli arqumentləri ilə moderatorun təxribatçı suallarını neytrallaşdırdı. Prezident bütün dünyanın gözü qarşısında mövcud vəziyyəti təhlil etdi.

Nəticə etibarı ilə Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq arenada sıxışdırılması, təklənməsi barədə iddiaları alt-üst etdi. Aydın göründü ki, bütün qapılar Azərbaycanın üzünə açıqdır, Azərbaycan kimdənsə nəyisə rica etmir, əksinə, öz şərtlərini irəli sürür və böyük dərəcədə də istəyinə nail olur. Prezident İlham Əliyevin Azərbaycanın yeni enerji strategiyası ilə bağlı fikirlərinə, hazırda görülən işlərə və perspektiv planlara olan beynəlxalq dəstək bunu aydın şəkildə göstərir. Digər bir misal Laçın yolu ilə bağlı Ermənistanın və Fransanın apardığı çirkin kampaniyanın heç bir nəticə verməməsi, ölkəmizin mövqeyinin nə dərəcədə güclü olduğunu nümayiş etdirir.

Turan Rzayev
Globalinfo.az