Müharibənin ən ölümcül mərhələsinə doğru – Dünyanın gözlədiyi qərar…

İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib. Rəsmi Təl-Əviv atəşkəsdən sonra intensiv döyüşlərin başlayacağını bildirib. HƏMAS və ABŞ isə atəşkəsin uzadılmasını istəyir.

Maraqlıdır, tərəflərin sülhə gəlməsi üçün mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, atəşkəs bu gün bitməli idi, amma uzadılması gözlənilir:

“Çünki HƏMAS atəşkəsi uzatmaq üçün hər gün daha 10 girovu azad etməyi təklif edib. İsrailin hazırkı rəhbərliyi müharibəni davam etdirmək istəsə belə, girovların yaxınları və ümumilikdə İsrail ictimai rəyi onların azad edilməsinin, yəni atəşkəsin tərəfdarıdır. Əlbəttə, atəşkəsin nə vaxta qədər davam edəcəyini, yaxud müharibənin dayanacağını demək çətindir. Çünki müharibələr zamanı atəşkəs kövrək olur, yəni hər an pozula bilər. Lakin ümumi mənzərə belədir ki, ABŞ, eləcə də İsrailin ictimai rəyi atəşkəs istəyir.

Kənan Rövşənoğlu

Eyni zamanda, dünya birliyi, BMT də atəşkəsin davamını tələb edir. İsrailin şərti və tələbi Qəzzadakı silahlı qrupların, o cümlədən HƏMAS və İslami Cihadın ləğv edilməsidir. Lakin ötən 50 gün göstərdi ki, bu elə də asan deyil, HƏMAS ciddi müqavimət göstərir. Üstəlik əhali sıxdır, mülki insan tələfatı həddən artıq çoxdur. İsrail ordusu isə mülki əhalini qorumağa o qədər də diqqət etmir.

Üstəlik, əməliyyatlar davam edərsə, o zaman şimaldan qaçmış əhalinin yerləşdiyi Qəzzanın cənubunda daha çox insan itkisi olacaq. Bu isə əməliyyatın bərpa olunması ilə bağlı narahatlığı daha da artırır.

Düşünürəm ki, bütün bu amillərə görə əməliyyatların dayanması ehtimalı daha çoxdur. Lakin dediyim kimi, indidən konkret nəsə demək olmaz”.

Turan Rzayev
Globalinfo.az