Müharibənin başlamasına biz qərar verəcəyik, hansısa ekstrasens deyil

Sosial şəbəkələrin erməni seqmentində sentyabr ayında yeni müharibənin olacağına dair xəbərlər yayılıb.

Diqqətçəkən əsas məqam isə bu məlumatların bəzi erməni “ekstrasenslər” vasitəsilə tirajlanmasıdır.

Belə bir ehtimal varmı? Azərbaycan sülhə məcburetmə əməliyyatlarına start verə bilərmi? Hazırkı regional və qlobal şərtlər bunun üçün müsaiddir?

Ramiyə Məmmədova

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, saxta müharibə anonsu vermək Ermənistanın maraqlarına uyğundur:

“Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, sentyabrda yeni bir hərbi eskalasiyanın olacağını erməni saytları tirajlayır. Lakin bu tipli xəbərlər daha diqqət çəkmədiyi üçün ictimaiyyət tərəfindən izlənilən bəzi erməni ekstrasensləri də prosesə cəlb edilib. Beləliklə, ictimaiyyəti manipulyasiya etmək və ona təsir göstərməyə çalışırlar.

“Laçın” nəzarət buraxılış məntəqəsinin qarşısında Ermənistanın təşkil etdiyi “humanitar aksiya”nın davam etdiyi bir zamanda belə xəbərlərin yayılması təsadüfi deyil.

Ermənistan bu yolla növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətini regiona cəlb etmək, beləcə, Azərbaycanı hədəfə gətirmək istəyir. Onsuz da bir müddətdir “Azərbaycan Qarabağ ermənilərini blokadada saxlayır, aclığa düçar edir” kimi əsassız iddialar səsləndirirlər. Məhz bu iddialar ilə paralel indi də müharibə anonsunun verilməsi Azərbaycana qarşı yönələn bir addımdır.

Hesab edirəm indiki məqamda rəsmi Bakının müharibə etmək kimi bir niyyəti yoxdur. Lakin Ermənistan sülh prosesini uzadacağı təqdirdə sülhə məcburetmə əməliyyatına başlaya bilər. Bunun nə vaxt, nə zaman olacağını biz qərar verəcəyik. Ermənistandakı hansısa ekstrasens deyil”.

Turan Rzayev
Globalinfo.az