zahid oruc ela 1 900x630 1

“Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyət göstərdiyi dövrün mühüm hissəsi torpaqların işğal altında qaldığı, beynəlxalq nəzarətdən kənarda “boz zonalarda” insan alveri, qanunsuz miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif formalarının geniş yayıldığı mərhələ kimi xarakterizə olunur”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin mayın 12-də keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Deputat qeyd edib ki, insan alveri müasir dövrün ən təhlükəli transmilli cinayətlərindən biri olaraq, yalnız hüquq-mühafizə orqanlarının qarşısında dayanan problem deyil, cinayətlərin coğrafiyası beynəlxalq terror qədər çoxşaxəlidir:

“2025-ci il üzrə beynəlxalq hesabat və qiymətləndirmələrdə xüsusi vurğulanır ki, müharibələr, silahlı münaqişələr, iqtisadi böhranlar və beynəlxalq təhlükəsizlik problemləri insan alverinin yayılmasına birbaşa təsir göstərir.

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) 2025-ci ildə yayımladığı Ukrayna üzrə xüsusi araşdırmada qeyd olunur ki, müharibə nəticəsində milyonlarla insanın məcburi köçkün vəziyyətinə düşməsi insan alveri risklərini əhəmiyyətli dərəcədə artırıb, xüsusilə qadınlar, uşaqlar və miqrantlar transmilli cinayətkar şəbəkələrin əsas hədəfinə çevrilib.

Beynəlxalq statistikaya nəzər saldıqda 2024-cü ildə Avropa İttifaqı ölkələrində 9 mindən çox insan alveri qurbanının qeydə alındığını, ATƏT məkanında isə təkcə 2024-cü ildə 30 min insan alveri qurbanının müəyyən edildiyini görürük.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır.

İlk növbədə, institusional mexanizmlərin gücləndirilib, qanunvericilik bazası təkmilləşdirilib, müvafiq hüquqi aktlara, Prezident fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına dəyişikliklər edilib. Eyni zamanda, 2026–2030-cu illəri əhatə edən yeni Milli Fəaliyyət Planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılıb. Göründüyü kimi, mübarizənin hüquqi bazası beynəlxalq meyarlara və aparıcı təşkilatların tövsiyələrinə tam uyğundur.

Yeni Milli Fəaliyyət Planında vurğulandığı kimi, ölkəmizdə insan alveri cinayətləri və onun formaları, ümumilikdə bütün cinayətlərin 1 faizini təşkil etmir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: