WhatsApp Image 2026 05 21 at 11.27.17

“İnsanlar illərlə çadırlarda yaşamaq məcburiyyətində qalırlar. Bu vəziyyət artıq Nigeriyanın Maiduguri şəhərində də müşahidə olunub”.

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) tədqiqatlar və strateji təsir üzrə direktoru Lüsi Erl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil böhranının aradan qaldırılması və yenidənqurmanın əsası kimi” mövzusunda panel müzakirəsində deyib.

O bildirib ki, orada insanlar uzun müddət çox ağır şəraitdə, müvəqqəti sığınacaqlarda yaşayırlar:

“Burada diqqət yetirməli olduğumuz başqa bir məqam da var. Çox vaxt belə düşünülür ki, insanlar nəhayət öz evlərinə geri qayıdacaqlar. Amma siz Anqoladakı Luanda və ya Konqo-Ruanda sərhədi yaxınlığındakı yaşayış məntəqələrinə getsəniz, insanlarla danışsanız görərsiniz ki, münaqişə və müharibələr səbəbindən həmin ərazilərə köçən bir çox insan orada qalmağa davam edir”.

Lüsi Erl bildirib ki, bu müddət ərzində sanitariya sistemlərinin qurulması, ictimai məkanların qorunması və ya nəqliyyata çıxış kimi əsas məsələlərə çox az diqqət ayrılıb:

“Çünki hər kəs insanların bir gün geri dönəcəyini düşünürdü. Halbuki bir insan qaçqın və ya məcburi köçkün kimi şəhərdə yeni həyat qurduqdan sonra artıq geri qayıtmaq istəməyə bilər. O, həmin şəhərdə yaşamaq, orada ev sahibi olmaq istəyə bilər.

Əgər insanlar uzun illər eyni müvəqqəti məskunlaşma şəraitində saxlanılırsa, onların yaşayış standartları çox aşağı olaraq qalır. Buna görə də biz bu vəziyyətə yalnız “müvəqqəti məskunlaşma” kimi baxmamalıyıq. Bunlar artıq şəhər sistemlərinin bir hissəsinə çevrilmiş icmalardır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: