Müharibədən də təhlükəli hadisələr olacaq: Xankəndi… – Politoloqdan ŞOK

“Rusiya ilə Ermənistan arasında iplərin qırılacağı gözlənilən idi. 2018-ci ildə hakimiyyətə gəldiyi vaxtdan bugünədək Ermənistanda Qərb havası əsdirməyə çalışan Paşinyan iki masada əyləşmə hiyləsinin əvvəl-axır bədələni ödəyəcəkdi. 1997-ci ildə imzalanmış hərbi əməkdaşlığa dair memoranduma rəğmən, İrəvan Brüsselin başçılıq etdiyi monitorinq missiyasını ölkəsində yerləşdirməyə nail oldu”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskinləşməsi və bu situasiyanın Azərbaycana təsiri haqda danışarkən deyib.

Onun sözlərinə görə, həmin missiya qrupunun genişləndirilməsi qərarı böhranın pik həddə çatdığını göstərir:

“Ruben Vardanyanın Xənkəndiyə göndərilməsi fonunda Paşinyan administrasiyasına qarşı yönlənmiş strategiya artıq ciddi planlarla icra olunur. Sağ göstərib, sol vurmağa çalışan Kreml, əslində, Vardanyan fiqurunu ortaya atmaqla yalnız Bakı-Xankəndi formatını dirçəltməyə çalışmır, həm də Paşinyana qarşı növbəti seçkilərdə alternativ rəqib formalaşdırır. Bu fonda Putinin Ermənistana açıq hərbi müdaxiləsi gözlənilməsə də, gələcəyə yönəlik addımların ölkə üçün müharibədən daha təhlükəli nəticələr verəcəyini proqnozlaşdırmaq mümkündür.

Uzun müddətdir ki, tərəflər arasında başlanan hibrid müharibənin Azərbaycan üçün zərərdən çox, faydasını müzakirə etmək olar. Əvvəla, Ermənistan tərəfi Rusiyanın təhdidlərindən sonra anlayacaq ki, onun tək xilaskarı Azərbaycan və Türkiyədir”.

Politoloq bildirib ki, İrəvan Rusiyanın işğalından qurtulmaq üçün yalnız müstəqillik yolunu seçməlidir:

“Bu yol isə Bakı ilə sülh müqaviləsinin imzalanmasından keçir. Digər tərəfdən, hələ də havadarlarına güvənib sülh gündəliyindən imtina edən Ermənistanın daha da zəiflədilməsi əlimizi gücləndirəb faktordur. Lakin iplərin Paşinyandan alınması bölgədə Rusiyanın nüfuzunu artırar və nəticədə Azərbaycanın Xankəndi ilə bağlı hədəflərinin icrasında ləngimə ola bilər. Ona görə də Kremlin Ermənistana hərbə-zorba gəldiyi müddətdə Paşinyanın sülh danışıqlarına vadar edilməsi təhlükəsizliyimiz baxımdan önəmlidir”.

Turan Rzayev
Globalinfo.az