Müharibə veteranlarının müavinəti niyə artırılmadı? – Vahid Əhmədov açıqladı

Qarabağ müharibəsi iştirakçılarına verilən 80 manat müavinətin artırılması ilə bağlı məsələlər ictimaiyyətin maraq dairəsindədir. Milli Məclisdə də bu mövzu tez-tez müzakirəyə çıxarılır, lakin artım müşahidə edilmir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov qeyd edib ki, bəzi məsələlər müzakirəyə çıxarılsa da, sona çatdırmaq mümkün olmur:

“İştirak etdiyimiz iclasda həmin məsələ qaldırıldı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən bir insanın nəqliyyat, kommunal və s. xidmətlərinin ümumilikdə 62 manat təşkil etdiyini və 80 manatın normal məbləğ olduğunu qeyd etdi.

Vahid Əhmədov

Lakin burada məsələ bir insandan getmir. Ailə başçısının işləməmə ehtimalı da ola bilər. Bu zaman ailə üçün məbləğ müəyyən edilməlidir. Beləliklə mövzuya baxılacağı deyilsə də, açıq formada qaldı”.

Deputat vurğulayıb ki, 2024-cü ilin dövlət büdcəsi qəbul olunarkən həmin mövzu arxa planda qaldı:

“Hesab edirəm ki, sözügedən məsələ həllini tapmalıdır. Qələbəni bəxş edən insanların aylıq müavinətini 80 manat əvəzinə, yaşayış minimumu səviyyəsinə çatdırmalıyıq ki, problem olmasın. Doğrudur, müharibə veteranlarının siyahısında da müəyyən problemlər var, amma bunlara da nəzarət etmək mümkündür”.

Safura Bənnayeva
Globalinfo.az