Müharibə davam edir, Bakı prosesi müəyyənləşdirir – Ekspert

“Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib. Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, builki iclas tamamilə fərqli dövrə təsadüf edir:

“Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada enerji böhranın dərinləşməsi və regionda diversifikasiyanın daha da prioritetləşdiyi dövrdə bu iclas genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcək.  Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqdadır. Ötən il Azərbaycanın Avropaya qaz ixracatı 39.0 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kubmetrdən çox qaz ixrac edib.

Ötən ilin iyul ayında Avropa Komissiyası ilə təchizatını iki dəfə artırmaq məqsədilə Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi baxımdan yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.

TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard qaz nəql ediləcək. Bütövlükdə, CQD-nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək”.

Turan Rzayev
Globalinfo.az