Müğənni ilə keçmiş rəis arasında pul davası – Dəniz Əsədova prokurorluğa müraciət edib

Müğənni Dəniz Əsədova daha bir vəzifəli şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

Müğənni bildirib ki, Bakı şəhər Nərimanov rayonu 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Şahin Səyyaf oğlu Verdiyev ondan yarım milyon manatdan çox pul alsa da, xeyli vaxtdır vəsaiti geri qaytarmır:

“2017-2018-ci illərdə Şahin Verdiyev ailə problemləri ilə bağlı məndən borc pul aldı. Ailəvi münasibətimiz olduğuna görə və həmin vaxt TSEK-in rəhbəri kimi yaxşı qazancının olmasına görə ona inanıb pulu verdik. Həmin vəsaitlə qızına, oğluna bahalı evlər aldı, hər bir şərait yaratdı. Lakin pulu qaytarmaq vaxtı çatanda Şahin Verdiyev müxtəlif bəhanələrlə boyun qaçırdı”.

D.Əsədova bildirib ki, məsələ ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib:

“Mən müraciət edəndən sonra Şahin Verdiyev vəsaitin 150 min manatını mənə geri qaytardı. Lakin yerdə qalan 562 min manatı qaytarmaqdan imtina edir. Şahin Verdiyev həmin vaxt saxta tibbi arayışlar və digər sənədlər verib böyük məbləğdə pul alırdı. O, hazırda isə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə Regional İdarəsinin tibbi eksperti kimi çalışır”.

D.Əsədova şikayət ərizəsində ona dəymiş ziyanın tam ödənilməsini tələb edib.

Məsələ ilə bağlı Şahin Verdiyev Globalinfo.az-a bildirib ki, Dəniz Əsədovanınn onun barəsində dedikləri şər-böhtandır.

O, aralarında daha əvvəl borc pul məsələsinin olduğunu və həmin məsələnin artıq bağlandığını qeyd edib.

Qeyd edək ki, bu məsələ Dəniz Əsədovanın üzləşdiyi ilk dələduzluq deyil. Belə ki, müğənninin şikayəti əsasında ona qarşı dələduzluqda şübhəli bilinən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov 2 ay əvvəl həbs edilib.

Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir. İlkin olaraq R.İsfəndiyarov 100 min manatı qaytarsa da, sonradan 527 min manatı geri verməyib. Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Bundan başqa müğənni Dəniz Əsədova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımovanın da ona qarşı külli miqdarda dələduzluq etməsi iddiası ilə hüquq-mühafizə qurumlarına müraciət edib.

M.Kazımova hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin koordinatoru vəzifəsində çalışır.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün Şahin Verdiyevin vəkili İlham Əsədovla əlaqə saxlayıb. İ.Əsədov deyilənlərin yalan olduğunu bildirib:

“Dəniz Əsədovanın dediyi məsələyə çoxdan baxılıb və hüquqi müstəvidə qərar verilib. Mehparə xanım ondan şikayətçi olub, biz də olacağıq. Korrupsiya idarəsinə D.Əsədova ərizəsində yazıb ki, “Şahin Verdiyev məndən aldığı borc pulu tam şəkildə qaytarıb, heç bir şikayətim yoxdur”. Mən həmin məktubu istintaqa vermişəm.

Nəzərinizə çatdırım ki, Dəniz Əsədova əvvəllər 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun pulu bitən kimi, gəlir saytlara müraciət edib məsələni işıqlandırır. Dediyim kimi, şər-böhtana görə biz rəsmi qaydada məhkəməyə müraciət edib həmin xanımdan 150 min manat civarında təzminat tələb edəcəyik”.

Zarina
Globalinfo.az