“Muğan Bank”dakı əmanətlər nə zaman və necə ödəniləcək?

“Müflis elan olunmuş “Muğan Bank”da qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir. Bu o deməkdir ki, həmin vəsaitlər məbləği 100 min manatadək olan və divident faizi manatla 12, xarici valyuta ilə 2.5 faizədən çox olmayan əmanətlərdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov deyib.

O, əmanətlərlə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadək vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə qaytarılacağını bildirib:

“Kompensasiya almaq üçün əmanətçi “Əmanətlərin Sığortalanması Fondu”na yazılı ərizə ilə müraciət etməlidir. Əmanətçinin şəxsiyyət vəsiqəsi ilə yanaşı əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir”.

V.Bayramov deyib ki, “Əmanətlərin Sığortalanması Fondu” vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir:

“Müstəsna hallarda bu müddət daha 90 günədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər dollar və ya avroda olmadıqda isə kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə “Mərkəzi Bank”ın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Yəni əmanət rubl ilə yerləşdirilibsə, o zaman həmin vəsaitin manat ekvivalenti və daha sonra çarpaz olaraq dollar məzənnəsi nəzərə alınmaqla ödəniş həyata keçirilir. Bütövlükdə “Muğan Bank”da sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcəklər. Buna görə də pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamaq tövsiyə olunur”.

Zaira Akifqızı
Globalinfo.az