“MTN-dən bizə dedilər ki, DİN-lə bağlı o məsələni unudun” – 14 illik sirrin üstü açılır

“Ötən gün Prezidentin fərmanı ilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Belə bir qurumun vacibliyi ətrafında uzun illərdir ki, fikirlər səslənirdi. Bizim tərəfimizdən də bu istiqamətdə xeyli təkliflər verilib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, 2009-cu ildə ölkəmiz “Kibercinayətkarlıq haqqında” konvensiyaya qoşulandan dərhal sonra belə bir qurum yaradılmışdı:

Osman Gündüz

“Lakin düşünürəm ki, o zaman bu səlahiyyətləri daha çox öz əlində cəmləşdirməyə meylli olan MTN faktoru belə bir qurumun fəaliyyətə başlamasına imkan vermədi və xatırlayıram ki, bizə də “məsləhət” bilinmişdi ki, DİN nəzdində belə bir qurumun varlığını unudaq. Beləliklə də, kiber sahədə cinayətkarlıqla mübarizə səlahiyyəti o zaman əsasən MTN-ə qaldı.

2015-ci ildən sonra kibercinayətkarlıq sahəsində DİN bir xeyli səlahiyyətlər, əsasən də ibtidai istintaq işlərini aparmaq səlahiyyəti əldə etmişdi. İndiyədək DİN -də bu işlərin kurasiyası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində olub. Xatırlayıram ki, qurumun bu istiqamətdə bir neçə uğurlu əməliyyatları da olub. Ümumiyyətlə, son zamanlar baş verənlər onu deməyə əsas verir ki, DİN-də cinayətkarlıqla mübarizənin texniki-texnoloji-proqram təminatı, “Təhlükəsiz şəhər” infrastrukturu xeyli inkişaf edib”.

O.Gündüz qeyd edib ki, Prezidentin bununla bağlı fərmanı ölkəmizdə kiber sahədə cinayətkarlığa qarşı mübarizədə xeyli irəliləiş və dönüş yaradacaq:

“Son zamanlar kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi sahəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı DTX da əlavə xeyli səlahiyyətlər əldə edib. Fikrimcə, bundan sonra DTX-nın qeyd olunan sahədə rolu gücləndiriləcək, milli təhlükəsizlik mahiyyəti daşımayan kibercinayətlər sahəsində səlahiyyətləri məhdudlaşdırılacaq. Bu tip işlərin hamısı DİN-ə veriləcək.

Gözləmək olar ki, DİN-nin bütün rayon və şəhər şöbələrində kibercinayətkarlıqla bağlı strukturlar formalaşdırılacaq. Bu addımlar isə regionlarda da bu tip cinayətlərin qarşısının zamanında alınmasında mühüm rol oynayacaq.

Düşünürəm ki, bu istiqamətdə kadr hazırlığının artırılmasına, beynəlxalq təcrübənin mənimsənilməsinə diqqəti artırmaq çox vacibdir. Universitetlərdə, xüsusilə də Polis Akademiyasında, DTX-nın Heydər Əliyev adına Akademiyasında kibercinayətkarlıqla bağlı ixtisaslı kadrların hazırlığını daha da gücləndirmək lazımdır.

Beləliklə, hazırda ölkəmizdə kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərlə DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, RİNN-nin Elektron Təhlükəsizlik Xidməti və DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi məşğul olacaq.

Sektorda Prezident fərmanı əsasında formalaşdırılan, XRİTDX-nin rəhbərliyi altında İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir”.

Turan Rzayev
Globalinfo.az