MTN-də Namiq Abbasovla Qırmızı Xaç arasında insident – Sabiq deputat sirləri açdı

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki separatçılara humanitar yük adı ilə silah-sursat daşıdığının aşkar olunmasından sonra təşkilata olan inam ciddi şəkildə sarsılıb. Bununla paralel Azərbaycan ictimaiyyətində bir sıra tələblər yaranıb: “Qırmızı Xaç təşkilatının Xankəndindəki missiyası bu qurumun Ermənistandakı ofisinə deyil, Bakı ofisinə tabe olmalıdır”, “Qurumun Xankəndindəki nümayəndələri ayrıca ofis kimi fəaliyyət göstərə bilməz”.

Maraqlıdır, bu gün Qarabağdakı erməniləri qayğı ilə əhatə edən Qırmızı Xaç itkin düşmüş 4 min azərbaycanlının taleyi ilə niyə maraqlanmır?

Beynəlxalq Qırmızı Xaç Komitəsi nəyə görə hələ Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki fəaliyyəti qanunsuzdur:

Çingiz Qənizadə

“Qurum izah etməlidir ki, onlar Azərbaycan ərazisində hansı statusla fəaliyyət göstərir. Məsələ ondadır ki, etnik ermənilər Azərbaycan ərazisi olan Qarabağda yaşayırlar. Belə olan təqdirdə burada humanitar məqsədlə fəaliyyət göstərən təşkilatlar Azərbaycan ilə məsləhətləşməli, icazə almalıdır.

Tanınmayan separatçı rejimin müvəqqəti nəzarətində olan ərazidə bu qurumun fəaliyyət göstərməsi, tabeçilik formasının qeyri-müəyyən olması başadüşlən deyil. Bu qurum mütləq Bakı ofisinə tabe olmalı, buradan istiqamətlənməlidir.

Ermənistandakı nümayəndəliyə tabe olan maşınlarını idarə edənlər açıq şəkildə qaçaqmalçılıqla məşğuldur. Heç kəs deyə bilməz ki, onlar daha öncədən bu fəaliyyətlə məşğul olmayıblar. Və bu əraziyə daşınan silahların gətirilməsində iştirak etməyiblər.

Bildiyim qədərilə artıq separatçılara qanunsuz daşımalar edən qurumun sürücüləri baş ofis tərəfindən cəzalandırılıb. Lakin bu mübarizə üsulu deyil. Qırmızı Xaç təşkilatının Xankəndindəki missiyası bu qurumun Ermənistandakı ofisinə deyil, Bakı ofisinə tabe olmalıdır”.

Ekspert qeyd edib ki, Qırmızı Xaç humanitar təşkilat olsa da bəzən onların fəaliyyətində siyasi mövqe hiss edilir:

“Mən 15 il əsir və itkin düşmüş vətəndaşlar ilə bağlı komitənin üzvü olmuşam və həmin vaxt keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov bizim toplantıda onları təndiq etdi və qurumu fəaliyyətsizlikdə günahlandırdı.

Qurumun nümayəndəsi də nümayişkar şəkildə durub ciddi tədbiri tərk etdilər. Yəni onlar açıq tənqidə də dözümlü deyillər.

Təəssüf ki, biz həmişə ikili standartlara məruz qalmışıq. Bu həm beynəlxalq, həm də insan haqları təşkilatlarında belədir”.

Turan Rzayev
Globalinfo.az