MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin etdi – YENİLƏNİB

Məzahir Pənahovun sədrliyi ilə 2023-cü il dekabrın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Globalinfo.az-a a verilən xəbərə görə, əvvəlcə MSK sədri Komissiya üzvlərini növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib. Sonra növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması məsələsinə baxılıb və Sərəncamın müvafiq hissəsini təmin etmək məqsədilə seçkilərin 2024-cü il fevralın 7-nə təyin edilməsinə qərar verilib.

Komissiya seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, onlara metodiki yardım göstərilməsi və seçki prosesindəki fəaliyyətlərinin səmərəliliyinin artırılması üçün zəruri məqamların əks olunduğu Təqvim planını təsdiq edib.

Sözügedən seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də iclasda baxılıb və Komissiyanın qərarı ilə 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə olunub.

MSK-nın qərarı ilə, həmçinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan imzaların və digər seçki sənədlərindəki məlumatların düzgünlüyünü yoxlamaq üçün müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin edilib.

Beynəlxalq təşkilat və xarici ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də media qurumlarının təmsilçilərinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

***16:15

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.

Globalinfo.az bildirir ki, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.

Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

***16:05

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri iə əlaqədar iclası keçirilir.

Globalinfo.az bildirir ki, iclasın gündəliyinə 4 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;

2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;

3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;

4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.

***12:33

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Globalinfo.az bildirir ki, MSK növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəllədə müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.