Mövlud Süleymanlı vəfat etdi

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya yazıçının oğlu məlumat verib.

O, atasının bir qədər əvvəl vəfat etdiyini bildirib.

Balakişiyev Mövlud Süleyman oğlu 1943-cü il martın 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı “Cücəkənd”) anadan olub.

O, Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirərək 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daхil olub və 1967-ci ildə oranı bitirib.

Ədəbiyyata ötən əsrin 70-ci illərində gələn yazıçı yaradıcılığa lirik şeirlərlə başlayıb. Onun “Əllərim” adlı ilk şeiri 1964-cü ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub.

Mövlud Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillər əsərlərində məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərlər və vətənpərvərlik hisləridir.

Müəllifin ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb. Bundan sonra bir-birinin ardınca hekayə və povestləri mətbuatda çap olunmağa başlayıb.

“Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” povest və hekayələrindən ibarət olan kitabı 1979-cu ildə “Ayın aydınlığında” adı ilə nəşr olunub.

Sözügedən kitabdan sonra müəllif həm ədəbi ictimaiyyət, həm də oxuycular arasında nasir kimi şöhrət qazanıb. “Şanapipik”, “Duzsuzluq”, “Ot” kimi hekayələr isə yazıçının müharibə mövzusuna həsr etdiyi hekayələri sırasındadır və Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən hesab edilir.

Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət etməyə başlayıb.

Müəllifin “Köç”, “Ceviz qurdu”, “Səs” romanları çağdaş Azərbaycan romançılığının inkşafına çox böyük töhfə verib.

1980-ci ildə qələmə aldığı “Köç” romanında xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açılır. Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır.