MOSSAD Azərbaycanda dəhşətli terrorun qarşısını necə alıb? – Təhlükəsizlik zabiti elə faktları açdı…

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) istefada olan zabiti Ali Burak Darıcılı bir açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan təkcə siyasi və hərbi sahədə əməkdaşlıq etmirlər. İki ölkənin həm də xüsusi xidmət, kəşfiyyat sahələrində ciddi əməkdaşlıq əlaqələri var. Onun bu fikirləri son vaxtlar baş verən proseslər fonunda olduqca maraqlı səslənir.

Xüsusilə də İranla bağlı yaranmış gərginlik fonunda əksər ekspertlər bildirirlər ki, Azərbaycanın Türkiyə ilə kəşfiyyat, xüsusi xidmət sahəsi üzrə əməkdaşlığına ciddi ehtiyacı var. Naxçıvanda Vasif Talıbovun İran və digər ölkələrlə gizli əlaqələrinin də üzə çıxmasında Türkiyə kəşfiyyat xidmətinin də rol oynadığı deyilir.

Azərbaycanın İsrail xüsusi xidmət orqanı MOSSAD-la da ciddi əməkdaşlığının olmasına dair məlumatlar var. 

İlham İsmayıl

Globalinfo.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, bir-birinə yaxın olan və xarici siyasətdə maraqları üst-üstə düşən ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşlığı və informasiya mübadiləsi hər zaman olub:

“Burada istisna olunası yalnız düşmənçilik siyasəti yeridən Ermənistan, İran və digər onları dəstəkləyən ölkələrdir. Digər dövlətlərin Azərbaycanla həmişə informasiya mübadiləsi əməkdaşlığı olub. Türkiyə MİT ilə isə əməkdaşlığımız xüsusilə Azərbaycan müstəqillik qazanan ilk gündən başlamışdı. Bu əməkdaşlıq getdikcə inkişaf edib və indi artıq çox yüksək səviyyəyə çatıb. Türkiyə və Azərbaycan xüsusi xidmət orqanları hər iki tərəfin maraqlarına uyğun xəbər və informasiya mübadiləsi həyata keçirir. Bu, informasiya mübadiləsi xüsusilə bizim üçün lazımdır. Naxçıvan bölgəsi ilə Türkiyənin birbaşa sərhədi, gediş-gəlişləri var, proseslərlə bağlı bizimkilərlə bərabər onların da müəyyən informasiyaları var. Əməliyyat şəraitinə mümkün mənfi təsirin qarşısını almaq üçün Türkiyə MİT ilə bizim Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlıq edir”.

Ekspert qeyd edib ki, kəşfiyyat və əks-kəşfiyyat fərqli anlayışlardır:

“Dövlət Təhlükəsizlik Xidməti əks-kəşfiyyatla məşğuldur. Ona görə də Türkiyə MİT-in verdiyi informasiyalar DTX-ya çatdırılır. Azərbaycan DTX-nın rəhbərinin də dəfələrlə Türkiyədə olması, MİT rəhbəri Hakan Fidanın da Azərbaycanda olması göstərir ki, Türkiyə və Azərbaycan qardaş ölkədirlər. Bu əməkdaşlıq istər hərbi, istərsə də xüsusi xidmət orqanları baxımdan hər iki ölkə üçün faydalıdır”.

İ.İsmayıl Türkiyə ilə yanaşı, İsrail xüsusi xidmət orqanları ilə də əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib:

“Hər iki dövlətin maraqlarına uyğun şəkildə, xüsusilə də terror hadisələrinin qarşısının alınması istiqamətində informasiya mübadiləsi aparılır. Elə zaman olub ki, İsrail xüsusi xidmət orqanları, konkret olaraq MOSSAD-ın vasitəsilə Azərbaycanda radikal dini qrupların terror törətməsinin qarşısı alınıb. Eyni zamanda, İsrail üçün də maraqlı olan informasiyalar təhlükəsizlik baxımdan Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çatdırılıb. Bunu alqışlamaq lazımdır”.

O, əlavə edib ki, Azərbaycanın gələcəyi, təhlükəsizliyi, terror hadisələrinin qarşısını alınması və ümumiyyətlə beynəlxalq terrorizmə qarşı mübarizədə həm Türkiyə, həm də İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq yalnız və yalnız xeyir gətirir:

“İsrail xüsusi xidmət orqanlarının terrorla bağlı Yaxın Şərqdə və ona yaxın bölgələrdə informasiya mənbələri hər zaman kifayət qədər güclü olub. Güclü xüsusi xidmət orqanlarına malik dövlətlərin qonşu olub-olmamasından asılı olmayaraq informasiya əldə etmək imkanı var. Həmçinin, hər iki dövlətin də maraqlarına uyğun bizim də informasiyalarımız var və bu informasiya mübadiləsini onlar üçün edirik”.

Gülnar Səlimova
Globalinfo.az