Moskvaya ardıcıl hücumlar: nüvə silahı işə düşə bilər

“Ukrayna əvvəllər Rusiya ərazisindəki hərbi hərəkətlərini etiraf etmirdi. Kiyev Rusiyadakı fəaliyyətinin üzərini pərdələməyə çalışırdısa, indi aşkar şəkildə rəqibinin ərazilərində aktiv aviazərbələr həyata keçirir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada artan hərbi təcavüzünə, Kiyevin başlatdığı əks-hücum əməliyyatlarının böyük nəticə doğurmamasına adekvat olan tədbirlərdir:

Aqşin Kərimov

“Ukrayna cəbhə xəttindəki Rusiya qoşunlarının qurduğu eşelonları yara bilməkdə çətinlik çəkir. Ukraynanın taktiki çətinlikləri isə Rusiyanın Ukraynaya intensiv aviazərbələri ilə daha da pisləşən mərhələyə daxil olur.

Bununla belə, Kiyevin hüququ və mənəvi haqqı var ki, Rusiya ərazisinə zərbələr endirmək barədə qərarlar çıxarsın. Bu adi hərbi qayda olsa da, arxasında Rusiyanı işğal kampaniyasından çəkindirmə məqsədlərinə xidmət edən məqamlar da axtarmaq lazımdır.

Ukrayna Rusiyaya xatırladır ki, münaqişənin böyümək riski var və Moskva da regional əzaların ağrımasından əziyyət çəkməlidir.

Ukraynanın Rusiyadakı hərbi fəaliyyəti Kremli Kiyevin tələbləri əsasında sülhə məcburetmə kampaniyasının əks-sadası kimi başa düşülməlidir”.

Ekspert qeyd edib ki, Ukrayna Rusiyada hakimiyyət əleyhinə hərəkatların formalaşmasına təkan vermək istəyir ki, Moskva daxili etirazlar qarşısında qərarını dəyişdirsin:

“Ümumilikdə Rusiya Ukraynaya necə hədə-qorxu gəlirsə, onun cavabını da qarşı tərəfdən gözləməlidir, lakin Ukraynanın Rusiya ərazisindəki kampaniyası gərginliyi azalda biləcək səviyyə formasında inkişaf etməyə bilər.

Birincisi, Rusiyanın ərazisi böyükdür və onun hər nöqtəsinə silahların istiqamətləndirilməsi Kiyev üçün problemdir.

İkincisi, Rusiyanın nüvə silahına müraciət etməsi riski var, çünki öz ərazilərinə hücumun qarşısını ala bilməsə, onun başqa çarəsi qalmır.

Üçüncüsü, Rusiya çalışır ki, Ukraynadan buraxılan silahların lokasiyasını müəyyən edib oranı intensiv zərbələrə məruz qoysun.

Bu üç amil münaqişənin sönükləşməsini yox, daha da alovlanmasını sürətləndirə bilər”.

Turan Rzayev
Globalinfo.az