Moskvanı dronlarla hansı ölkə vurub? – Çaxnaşma başladı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Moskvada 2 yaşayış binası dronlarla vurulub. Məlumata görə, xəsarət alan olmasa da, 10-dan çox PUA zərərsizləşdirilib. Diqqətçəkən əsas məqam isə son zamanlar Moskvaətrafı ərazilərin müntəzəm dron hücumlarına məruz qalmasıdır. Həmin dronların bu qədər uzaq məsafəni maneəsiz qət edib zərbələr endirməsi müəyyən suallar doğurur.

Versiyalardan biri həmin dronların Ukraynaya deyil, Rusiyaya məxsus olmasıdır. İddialara görə, Kreml bu yolla müharibənin onun ərazisinə, paytaxtına sıçraması eyforiyası yaradaraq, Ukraynaya qarşı taktiki nüvə silahından istifadəni leqallaşdırmaq istəyir.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ukrayna mübarizəni Rusiya ərazisinə keçirmək istəyir:

“Bu, Rusiya qüvvələrinin diqqətini yayındırmaq və cəbhədə sürətini azaltmaq məqsədi daşıyır. Digər tərəfdən, məsələnin psixoloji tərəfləri də var. Belqorodda baş verənlər də bunun nümunəsi hesab edilə bilər. Lakin burada iki məqam önəmlidir:

Birincisi, Ukrayna Rusiya ərazisində daha çox kəşfiyyat-partizan taktikasından istifadə edir;

İkincisi, Ukraynanın Rusiya ərazisinə hücumunun ABŞ başda olmaqla Qərb qüvvələri tərəfindən süngü ilə qarşılanmasıdır;

Vaşinqton Rusiya ərazisinə hücumun müharibə arealının genişlənməsi və Putinin nüvə şantajının işə düşməsi riski olaraq görür, bu baxımdan, genişmiqyaslı hücuma “yaşıl işıq” yandırmır. Lakin kəşfiyyat-partizan taktikası ilə hücumlar müharibə arealının genişlənməsi riskini yaratmır”.

Analitik bildirib ki, paraddan öncə Kremlə endirilən zərbə də daxil olmaqla, Moskva və ətraf ərazilərə dron hücumlarının edilməsi Ukraynanın planı kimi görünsə də, bunun, əslində, ruslar tərəfindən təşkil edildiyi ehtimalı daha çoxdur:

“Birincisi, Rusiya ictimai rəyinə Ukraynada itkilər hesabına olsa da, aparılan müharibənin lazımlılığı bir daha göstərir, çünki müharibənin uzanması daxildə etirazların idarəolunmasını da çətinləşdirir.

İkincisi, Ukrayna şəhərlərinə raket zərbələrinin endirilməsini legitimləşdirir. Moskva və ətrafına endirilən hər zərbədən sonra rusların Kiyevə silsilə raketlər atması da bunu göstərir.

Üçüncüsü, ABŞ-a, ümumilikdə Qərbə göstərilir ki, Kiyev onların istəyinin əksinə olaraq, müharibə arealını genişləndirir və Rusiya adekvat addımlar ata bilər – bu taktiki nüvə silahından istifadəni də aktuallaşdırır. O demək deyil ki, taktiki nüvə silahından istifadə ediləcək, sadəcə olaraq, bu yolla Qərbi Kiyevə qarşı qoymaq və “müharibənin arealı genişlənə bilər” təhlükəsi ilə danışıqları tezləşdirmək istəyirlər”.

Turan Rzayev
Globalinfo.az