175993971068e68c7ec73c92.03027550

Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. Liderlər AZAL-ın təyyarə qəzasının detallarını və iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini müzakirə ediblər.

Kreml rəhbəri görüş zamanı qəza ilə bağlı istintaqın yaxın zamanda yekunlaşacağını bildirib.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, bu görüş RusiyaAzərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atılan ilk və mühüm addımdır:

“Gərginliyə səbəb olan məsələyə toxunuldu və onun aradan qaldırılması üçün zəruri addımların atılacağı vurğulandı. Rusiya prezidenti cinayəti törədən şəxslərin cəzalandırılacağını bəyan etdi. Azərbaycan Prezidenti isə bu mövqeyə görə ona təşəkkürünü bildirdi.

Görüşdən çıxan nəticə ondan ibarətdir ki, indiyədək gərginliyin davam etməsində maraqlı olan üçüncü qüvvələr mövcud olub. Prezident İlham Əliyev də bu barədə müəyyən məlumatlara malik idi və Putinin doğru addım atacağına inanırdı. Bizim də məsələnin obyektiv şəkildə araşdırılacağına şübhəmiz yox idi.

Vladimir Putinin prosesi sonadək nəzarətdə saxlayacağına dair mövqeyi münasibətlərin yaxınlaşmasına təkan verəcək. Bu cür yaxınlaşma və gərginliyin aradan qaldırılması, ümumilikdə, Rusiyanın maraqlarına da uyğundur. Proses iki ölkə liderinin qarşılıqlı inam və etimadı əsasında inkişaf edir.

photo 241497
Hikmət Babaoğlu

Buzlar artıq əriməyə başlayıb və təxminən iki ay sonra yekun qiymətləndirmə aparılacaq. Putinin bugünkü mövqeyi onu deməyə əsas verir ki, cinayətkarlar cəzalandırılacaq, Azərbaycana kompensasiyalar ödəniləcək.

Üçüncü qüvvələrin Bakı və Moskva arasında münasibətləri pozması nəticəsində vətəndaşlarımız Rusiyada haqsız təqiblərə məruz qalıb. Bu halların aradan qaldırılması üçün də yaxın zamanda konkret addımlar atılacaq”.

Politoloq Tofiq Abbasov da qeyd edib ki, Düşənbədə baş tutan görüş aktuallıq baxımından heç də MDB sammitindən geri qalmır:

“Faktiki olaraq AzərbaycanRusiya MDB məkanının əsas dövlətlərindən sayılırlar. Onlar həm geosiyasi, həm də geoiqtisadi müstəvidə ümumi mənzərəni formalaşdıran ölkələrdir. Liderlərin görüşü vacib idi. Bu, bir qədər gec baş tutdu, amma hər halda indi keçirilməsi müsbət haldır.

Ortada olan anlaşmazlıqlar və yaranmış soyuqluq daimi xarakter daşımamalıdır. Ümumiyyətlə, dövlətlər, xüsusilə də qonşu ölkələr arasında bu cür hallar ola bilər, lakin uzun müddət davam etməməlidir. Əks halda, əziyyət çəkən xalqlar olur. Biz bir-birini yaxşı tanıyan qonşu və tərəfdaşlarıq.

Tofiq Abbasov journalist
Tofiq Abbasov

Təəssüf ki, təyyarə qəzası baş verdi və bu, münasibətlərə ciddi təsir göstərdi. Rusiya əvvəlcə bu məsələdə düzgün davranmadı. Bu, Moskvanın imicinə uyğun olmayan bir davranış idi. Nəticədə qarşıdurma və nifrət meyilləri ortaya çıxdı. Azərbaycanı başa düşmək olar – təyyarəmiz vuruldu, vətəndaşlarımız həlak oldu. Lakin Rusiya konstruktiv və rasional mövqe nümayiş etdirmək əvəzinə, inkar və imtina siyasəti yürütməyə başladı. Rəsmi Bakı sadəcə beynəlxalq norma və qanunun tələblərinə uyğun mövqe ortaya qoyurdu.

Görüşdən əvvəl Prezident İlham Əliyev Rusiya liderini doğum günü münasibətilə təbrik etmişdi ki, bu da mühüm siyasi jest sayılır.

Bakı və Moskva arasında soyuqluq mütləq aradan qaldırılmalıdır. İki ölkənin xalqları və qonşu dövlətlər də münasibətlərin normallaşmasını gözləyirdi. Bu, MDB sammitindən heç də geri qalmayan, əhəmiyyətli bir görüş idi. Hesab edirəm ki, görüşdən sonra Azərbaycan-Rusiya münasibətlərinin əvvəlki müstəviyə qayıtması gözləniləndir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: