Moskvada ÜHİK-nın Qurultayı keçirildi – FOTOLAR

Dekabrın 12-də Rusiyanın paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) X Qurultayı keçirilib.

Globalinfo.az bildirir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının və ÜHİK-nın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyəti tədbirdə iştirak edib.

Qurultayda çıxış edən Səttar Möhbalıyev ÜHİK-nın işçilərin sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsi, müxtəlif mövzularda seminar və iclasların təşkili, sosial-iqtisadi vəziyyətin təhlili istiqamətində gördüyü işləri, qəbul etdiyi qərarları və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Bildirib ki, qurum əmək və sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində mütəmadi olaraq mühüm təşkilati işlər aparır, üzv təşkilatlara daim metodiki köməklik göstərir.

AHİK-in fəaliyyətinə toxunan Səttar Möhbalıyev vurğulayıb ki, Konfederasiya işçilərin sosial, iqtisadi və əmək hüquqlarının müdafiəsi, layiqli əməyin təmin edilməsi, sosial bərabərlik, yaşıl iş yerlərinin yaradılması, ayrı-seçkiliyin qarşısının alınması istiqamətində səylə çalışır.

“Bir müddət öncə biz ÜHİK-nın Nizamnaməsinə əlavə və dəyişikliklər barədə təkliflərimizi səsləndirdik. Bu təkliflər idarəetmənin daha da demokratikləşməsi, üzv təşkilatların rolunun və məsuliyyətinin artırılması, qərarların yalnız seçkili orqanlarda qəbul olunması, idarəetmə orqanlarının formalaşması zamanı namizədlərin potensial və təcrübəsinin nəzərə alınması və digər zəruri məsələləri nəzərdə tutur. Ümidvaram ki, gələcəkdə ÜHİK-nın müvafiq orqanlarının növbəti iclaslarında qəbul ediləcək yeni əlavələr sıralarımızın genişlənməsinə, həmrəyliyimizin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Hazırda dünyada hökm sürən gərgin hadisələrə – pandemiya, müharibələrə baxmayaraq, həmkarlar ittifaqları öz əsas vəzifələrini layiqincə yerinə yetirir. Bu hadisələr həmkarlar ittifaqlarından öz fəaliyyətlərinin forma və üsullarını ciddi şəkildə qiymətləndirməyi tələb edir. Bu cür şəraitdə yeni qlobal çağırışlara adekvat cavab tapmaq üçün öz imkanlarımızı səfərbər etməliyik”, – AHİK sədri deyib.

Çıxışların və aparılan müzakirələrin ardından gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Həmçinin Qurultayda ÜHİK-nın yeni rəhbərliyi və tərkibi formalaşıb. Viktor Pinskiy ÜHİK-nın Baş katibi seçilib. AHİK sədri Səttar Möhbalıyev növbəti dəfə qurumun vitse-prezidenti olub. Eləcə də AHİK sədrinin müavini Aqil Dadaşov və AHİK-in katibi – Aparat rəhbəri Həsən Cəfərov Şura üzvü seçiliblər.

Yenidən vitse-prezident seçilməsi ilə əlaqədar ona etimad göstərənlərə minnətdarlığını çatdıran Səttar Möhbalıyev həmçinin yeni rəhbərliyi təbrik edib, qurumun fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.

Malik Liftiyev
Globalinfo.az