Ermənistan baş naziri Nikol Paşinyanın sonuncu Rusiya səfəri ciddi müzakirə edilir. Üstündən bir neçə gün keçməsinə baxmayaraq mövzu gündəmdən düşmür.
Səfər zamanı liderlərin danışıqları, müzakirələri haqda müxtəlif versiyalar səsləndirilir.
Globalinfo.az xəbər verir ki, erməni ekspert Arman Abovyan iddiasına görə, Moskvada Paşinyanla Putin arasında Zəngəzurla bağlı razılıq əldə edilib.
“Nikol Paşinyan dedi ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ermənistanla Azərbaycan arasındakı nəqliyyat kommunikasiyalarında bir sıra müşahidə funksiyalarını yerinə yetirə bilər. Faktiki olaraq demək olar ki, Moskvada bununla bağlı razılıq əldə olunub. Lakin burada üç problem var. Transatlantik vektor – ABŞ, Türkiyə, Britaniya və AB Cənubi Qafqazdakı nəqliyyat qovşaqlarında Rusiyanın monitorinqini planlaşdırmırlar.
Qərbin məqsədi regionda tam nəzarəti bərpa etməkdir. Başqa sözlə, Qərb-Şərq xəttində güclü konflikt var. Qərbyönlü lobbiyə gəlincə isə onlar Paşinyan hökumətinin böyük hissəsini təşkil edir və baş nazirin bu istiqamətdə bənzər qərarlar verməsini səssizcə izləməyəcəklər. Üçüncü məsələ isə Ermənistan hökumətinin qeyri-adekvatlığıdır. Onların hər situasiyada öhdəliklərindən imtinası artıq siyasi mem olub. Ruslar, amerikalılar və iranlılar bunu bilirlər. Bu əslində Ermənistan üçün dağıdıcı faktorlardan biri olub” – deyə o bildirib.