Moskvada raket təhlükəsi elan olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Regional Fövqəladə Halların Qarşısının Alınması və Aradan Qaldırılması Vahid Dövlət Sistemi (RSÇS) “Maks” messencerindəki kanalında məlumat yayıb.
“Evdə qalın və pəncərələrə yaxınlaşmayın və ya sığınacağa enin. Küçədə və ya avtomobildə olsanız, ən yaxın binaya, yeraltı keçidə və ya parkinqə sığının”, – deyə məlumatda bildirilib.
RSÇS əlavə edib ki, xüsusi rejim tətbiq olunduğuna görə Moskva vilayətində mobil internetin işində müvəqqəti problemlər yarana bilər.
Raket təhlükəsi təxminən 30 dəqiqə qüvvədə qalıb və Moskva vaxtı ilə saat 11:54-də ləğv edilib.
Xatırladaq ki, iyulun 9-da Ukraynanın Fire Point şirkətinin baş konstruktoru və həmtəsisçisi Denis Ştilerman Kiyevin yeni ballistik raket vasitəsilə Moskvaya zərbə endirməyi planlaşdırdığını iddia etmişdi.
Onun sözlərinə görə, raketin hazırlanmasında yalnız mühərrikin sınaq mərhələsi qalıb. Bu mərhələ başa çatdıqdan sonra uçuş sınaqlarına başlanılacaq.
Ştilerman bildirib ki, raketin idarəetmə sistemi özünü doğruldarsa, növbəti sınaqlar Rusiya ərazisinə qarşı həyata keçiriləcək.
Bundan əvvəl də Rusiyanın eyni vaxtda üç regionunda raket təhlükəsi elan edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az